ABŞ və İsrailin hərbi hücumuna məruz qalmış İranda hadisələr hansı istiqamətdə cərəyan edə bilər?
Mümkün versiyalar:
- dini rejimin yumşaq modelə keçidi;
- Qərblə və İsraillə münasibətlərinin qismən düzəldilməsi kursuna keçid;
- dini rejimdən imtina, dünyəvi idarəçilik sisteminə keçid;
- ölkənin sərt daxili qarşıdurma girdabına düşərək parçalanması...
Hansı daha real görünür?

Medianews.az-ın sualını cavablandıran politoloq Xaqani Cəfərli bildirib ki, ABŞ və İsrailin hərbi hücumu nəticəsində İranda proseslərin hansı istiqamətdə gedəcəyi əsas sual olaraq qalır: “ABŞ-nin İrana yönəlik siyasətininin Vaşiqntonun Yaxın Şərq siyasətinin tərkib hissəsi olduğunu nəzərə alsaq, demək olar ki, Ağ ev İranda güclü mərkəzi hakimiyyətin olmasında maraqlı olmayacaq. İraqın federallaşması, Suriyada federallaşma prosesinin son mərhələyə keçməsi Vaşinqtonun İranın da federallaşmasında maraqlı olduğu qəanətini yaradır. İraq və Suriyanın bu günə kimi parçalanmamasının yeganə səbəbi ABŞ-nin bunda maraqlı olamamasındadır. Suriyanın müvəqqəti dövlət başçısı Əhməd əş-Şaara bu günə qədər sağ qalıbsa, bu, ABŞ-nin verdiyi dəstək sayəsindədir”.
Xaqani Cəfərlinin qənaətincə, İranda zəif mərkəzi hökumət və federal dövlət modelinə üstünlük veriləcək: “Buna nail olmaq isə çox çətin görünür. Çünki İraq və Suriyadan fərqli olaraq İranda öz müqəddəratını təyin etməyə çalışan bir neçə xalq var. İki dövlətli İran modelinə kürd, bəluc, lor və ərəbləri razı salmaq asan olmayacaq. Üstəlik, İraq və Suriyadan fərqli olaraq İrana qarşı hərbi müdaxiləyə bir neçə bölgə dövlətinin qarışma ehtimalı çoxdur. Əgər körfəzin ərəb ölkələri hərbi müdaxilədə iştirak etsə, müharibədən sonra tələbləri olacaq. Bu isə Əhvaz ərəblərinin öz müqəddəratını təyin etmə hüququnun tanınması ola bilər. Müstəqil dövlət olarsa ikinci Kuveyt olacağı ifadə edilən Əhvaz bölgəsi zəngin neft və qaz yataqlarına malikdir. ABŞ də bu sərvəti böyük İranla bölməkdənsə, kiçik Əhvaz əmirliyi ilə bölməyə meyillənə bilər. Belə olarsa, İranın bütövlüyünü qorumaq çətin olacaq.
Ancaq İranın bölünməsi də ciddi risklər daşıyır. İran bölünsə, dərhal İraq və Suriya parçalanacaq. Pakistanın bütövlüyü də ciddi sınaqla üzləşəcək. Yəni bu gün İranda sadəcə bir dövlətin deyil, onlarla xalqın və regionun bir neçə dövlətinin gələcəyi həll olunur. İranın gələcəyi ilə bağlı dəqiq ssenarinin, layihənin olmaması da buna görədir”.
Nailə Qasımova,
Medianews.az