Ruminiyada aparılan yeni elmi araşdırma göstərir ki, D vitamini səviyyəsinin aşağı olması qrip və COVID-19 infeksiyalarının daha ağır keçməsi ilə əlaqəli ola bilər.
Tədqiqatın nəticələri beynəlxalq elmi jurnal olan Nutrients nəşrində dərc edilib. Alimlər müxtəlif klinik sınaqların və meta-analizlərin nəticələrini araşdıraraq D vitamininin virus infeksiyalarının gedişatına təsirini qiymətləndiriblər.
Məlumatların təhlili göstərib ki, D vitamini çatışmazlığı olan şəxslərdə COVID-19 daha ağır simptomlarla müşayiət oluna bilər. Xüsusilə başlanğıcda bu vitaminin səviyyəsi aşağı olan xəstələrdə təsir daha qabarıq müşahidə edilib. Əksinə, D vitamini normal həddə olan insanlarda əlavə qəbulun ciddi üstünlüyü qeydə alınmayıb.
Bununla yanaşı, D vitamini çatışmazlığı ilə COVID-19-un uzunmüddətli davam etməsi arasında ehtimal olunan əlaqə də diqqət mərkəzindədir. Lakin alimlər bildirirlər ki, bu sahədə hələlik dəqiq səbəb-nəticə əlaqəsi sübut olunmayıb və əlavə araşdırmalara ehtiyac var.
Mütəxəssislər xatırladırlar ki, D vitamini əsasən yağlı balıqlarda qızılbalıq, skumbriya, tuna eləcə də yumurtada bol miqdarda olur./Milli.az/