Medianews.az
Qadınları Türkiyədə ailə qurmaq adı ilə 6-8 min dollara satıb -
54 baxış

Qadınları Türkiyədə ailə qurmaq adı ilə 6-8 min dollara satıb - VİDEO

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.

Medianews.az nazirliyə istinadən xəbər verir ki, o, xarici ölkələrin birində şəxsiyyətləri konfidensial saxlanılan Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.

R. Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

İstintaqla həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.

Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.

Qeyd edək ki, son günlərdə Türkiyədə Azərbaycan vətəndaşı olan qadının yeni evləndiyi şəxsləri aldadaraq külli miqdarda qızılla qaçmasına dair məlumatlar yayılıb.

Bizə qoşulun