Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.
Medianews.az-ın oxu.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda Nazilə Şəmsiyeva (ad, soyad şərtidir) şahid qismində dindirilib.
O bildirib ki, təqsirləndirilən şəxs onun qardaşıdır:
"Zərərçəkənlə, yəni nişanlımla yataq otağında oturmuşdum. Qardaşım əlində bıçaqla nişanlımın üstünə hücum çəkdi. Digər qardaşımın yoldaşı ilə ona mane olmağa çalışdıq. Lakin nişanlımın bədəninin müxtəlif nahiyələrinə bıçaq zərbələri endirdi. Birtəhər ona mane olduq və bıçağı əlindən aldıq. Ona görə də cinayətini tam başa çatdıra bilmədi".
Daha sonra təqsirləndirilən şəxsin anası şahid qismində dindirilib:
"Oğlum Aprel döyüşləri, eyni zamanda 2-ci Qarabağ döyüşlərinin iştirakçısı olub. Başında travmaları var. Hadisə günü mən başqa yerdə idim və olayın şahidi olmamışam. Mənə məlumatı da qızım verdi. Bildirdi ki, Araz qızımın nişanlısını bıçaqlayıb. Dərhal evə gəldim artıq qızımın nişanlısını xəstəxanaya aparmışdılar. Daha sonra polis idarəsinə çağırıldıq".
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin fevralında Bakının Əmircan qəsəbəsində baş verib.
Araz Səmədova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.