BMT-nin Baş katibi Antonio Quterreş fransız diplomat Jan Arnonu Yaxın Şərq münaqişəsi üzrə şəxsi nümayəndəsi təyin edib.
Medianews.az "Report"-a istinadla bildirir ki, BMT-nin Baş katibi bunu Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə deyib.
Quterreş hesab edir ki, regiondakı vəziyyət nəzarətdən çıxıb və dünya daha böyük bir müharibənin astanasındadır. O, dialoqu təşviq etmək və sülhə nail olmaq üçün bir sıra təşəbbüsləri həyata keçirmək üçün Yaxın Şərqdə və dünyanın bir çox ölkəsi ilə sıx əlaqə saxladığını bildirib.
"Bu təşəbbüslər uğurlu olmalıdır. Hörmüz boğazının uzun müddət bağlanması qlobal əkin mövsümünün kritik bir anında neft, qaz və gübrə daşınmasını əngəlləyir. Artıq eskalasiya pilləkəninə qalxmağı dayandırıb diplomatiyaya doğru irəliləməyin vaxtıdır", - deyə o bildirib.
BMT-nin məlumatına görə, Jan Arno beynəlxalq diplomatiya sahəsində 30 ildən çox təcrübəyə malikdir, sülhməramlılıq və vasitəçilik üzrə ixtisaslaşıb və Afrika, Asiya, Avropa və Latın Amerikasında BMT missiyalarında xidmət edib.
Bundan əvvəl o, BMT Baş katibinin Əfqanıstan və regional məsələlər üzrə şəxsi elçisi vəzifəsində çalışıb.