Tehrana çərşənbə axşamı saat 20:00-a qədər (Bakı vaxtilə çərşənbə günü saat 04:00) vaxt verən, Hörmüz boğazı açılmasa İranda bütün körpülərin dağıdılacağını, elektrik stansiyalarının partladılacağını deyən ABŞ prezidenti Donald Tramp onu da bildirib ki, İran bir gecədə məhv ola bilər.
Doğrudanmı İranı bir gecədə məhv etmək mümkündür?
CNN kanalı bildirir ki, hərbi ekspertlər buna şübhə ilə yanaşırlar.
Medianews.az-ın məlumatına görə, CNN-in internet səhifəsində yerləşdirilmiş yazıda qeyd olunur ki, bu, mövcud hərbi imkanlar çərçivəsində real görünmür.
Avstraliyalı hərbi analitik Peter Laytonun hesablamasına əsasən, ABŞ-nin B-2 tipli altı bombardmançısı bir uçuşda ümumilikdə 96 ədəd yüksək dəqiqlikli bomba daşıya bilər. Deməli, gün ərzində iki uçuş həyata keçirilsə, B-2 tipli altı bombardmançı İrana maksimum 192 bomba ata bilər.
Bundan əlavə, ABŞ və İsrailə məxsus 40 ədəd F-15 “Eagle” qırıcı təyyarəsi daha 240 bombadan istifadə edə bilər.
Beləliklə, ümumi zərbə potensialı təxminən 330-dan bir qədər artıq bombanı əhatə etmiş olur.
Ekspertlərin fikrincə, bu miqyas İran kimi iri ölkədə yüzlərlə enerji obyektini, infrastruktur hədəflərini sıradan çıxarmaq üçün kifayət deyil. Xüsusilə elektrik stansiyalarının möhkəm konstruksiyalara malik olması onların bir zərbə ilə tam məhv edilməsini çətinləşdirir.
ABŞ əməliyyata “B-1 Lancer” və “B-52 Stratofortress” kimi əlavə bombardmançıları da cəlb etsə belə, bir gündə İranın bütün infrastrukturunun iflic edilməsi ehtimalı aşağı qiymətləndirilir.
Mütəxəssislər hesab edirlər ki, İranın qısa müddət ərzində məhv ediləcəyi haqda bəyanatlar daha çox siyasi ritorika xarakteri daşıyır və real hərbi imkanlarla üst-üstə düşmür.