Medianews.az
Əsgərlərə bu halda
47 baxış

Əsgərlərə bu halda məzuniyyət verilir

Hərbi xidmət dövründə hərbi qulluqçuların sosial və ailə vəziyyəti də nəzərə alınır. Xüsusilə ailə həyatında baş verən mühüm dəyişikliklər zamanı əsgərlərə hansı güzəştlərin tətbiq edildiyi cəmiyyətdə maraq doğurur. Bəs hərbi xidmətdə olarkən ata olan əsgərlərə məzuniyyət verilməsi qanunvericilikdə necə tənzimlənir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 129-cu maddəsinə əsasən, 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir:

“Dinc dövrdə qısa müddətli məzuniyyətlər həvəsləndirmə qaydasında müddətli həqiqi hərbi xidmət zamanı əsgər, matros və çavuşlara bir dəfə verilə bilər. Müharibə dövründə qısa müddətli məzuniyyət bu Əsasnamənin 194-cü maddəsinin tələblərinə uyğun olaraq hərbi qulluqçuların bütün kateqoriyalarına verilə bilər. Dinc və müharibə dövründə ailə vəziyyətinə görə qısa müddətli məzuniyyət aşağıdakı hallarda verilə bilər:

a) hərbi qulluqçuların ailə üzvlərinin (atası, anası, arvadı, əri, uşaqları, qardaşları, bacıları) və himayəsində olduğu digər şəxslər ağır xəstələndikdə və vəfat etdikdə;

b) hərbi qulluqçunun ailəsi yanğın və ya təbii fəlakət hallarına məruz qaldıqda;

v) hərbi hissə komandirinin rəyinə görə hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu digər xüsusi hallarda”.

P.Sədrəddinov qeyd edib ki, ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölməsi və ya yerli bələdiyyə orqanı, ya da müalicə müəssisəsi tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.

Bizə qoşulun