Medianews.az
General Süleyman Neymətovdan YENİ XƏBƏR
269 baxış

General Süleyman Neymətovdan YENİ XƏBƏR

İyulun 2-də sosial şəbəkələrin Azərbaycan seqmentində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətovun polis general-leytenantı ali xüsusi rütbəsinə layiq görüldüyü haqda məlumatlar yayılıb və elə həmin gün bu münasibətilə bir sıra istifadəçilər ona təbriklərini ünvanlayıblar.

İyulun 3-də xəbər ölkənin onlayn mediasında da işıq üzü görüb. İlk olaraq Gununsesi.info saytı Prezident İlham Əliyevin Süleyman Neymətova polis general-leytenantı rütbəsi verilməsi haqqında sərəncam imzaladığını yazıb. Sərəncamın 2 iyul Azərbaycan Polisi Günü imzalandığı qeyd olunub.

Medianews.az bildirir ki, ölkədə zabitlərə ali xüsusi rütbələrin verilməsi haqda bəzi sərəncamlar rəsmi mətbuatda dərc olunmaya da bilər.

Məsələn, Süleyman Neymətov 2023-cü ilin iyun ayının 25-də ilk dəfə general rütbəsinə layiq görüləndə də bu barədə dövlət başçısının imzaladığı sərəncam ictimaiyyətə elan edilməmişdi. Yalnız beş gün sonra – iyunun 30-da Süleyman Neymətov rəsmi tədbirdə general uniformasında iştirak edəndə jurnalistlər Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin polis general-mayoru ali xüsusi rütbəsinə layiq görüldüyündən xəbər tutmuşdular.

Bu baxımdan Süleyman Neymətovun qarşıdakı tədbirlərdən birində iştirakının mediamızda növbəti xəbərə çevriləcəyinə şübhə yoxdur.

Neymətov Süleyman Əsgər oğlu 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 

1991-1993-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2000-ci ildə DİN-in Polis Akademiyasını bitirib.

1993-cü ildən daxili işlər orqanlarında xidmət edir.

1993-1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994-2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektor, 2005-2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013-2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016-2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020-2022-ci illərdə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət edib.

2022-ci il dekabrın 28-dən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir.

Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə 2002-ci ildə “İgidliyə görə”, 2020-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir, üç övladı var.

Medianews.az

Bizə qoşulun