Medianews.az
Güney Qafqaza ilginc HƏDƏ –
81 baxış

Güney Qafqaza ilginc HƏDƏ – Moskvanın QƏZƏBİ soyumur: PLAN baş tutsa...

Rusiya rəhbərliyinin Ermənistana, konkret olaraq Nikol Paşinyana hirs-kini soyumur. Moskvadan yetərincə yüksək ranqlı şəxslərin forpost ölkənin ünvanına təhdidləri səngimir. Bu dəfə hədə Dövlət Dumanın spikeri Vyaçeslav Volodindən gəlib.

Rus spiker hesab edir ki, Ermənistanda baş verənlər Ukraynadakı “Avromaydan”ı xatırladır. Bu xüsusda o, İrəvanda Avropa Siyasi Birliyinin zirvə toplantısını yada salıb. Qonaqlar arasında Ukrayna lideri Volodimir Zelenskinin olmasına isə məxsusi diqqət çəkərək deyib ki, səfər məhz Nkol Paşinyanın şəxsi dəvəti əsasında mümkün olub.

Volodinə görə, belə addımları Rusiyaya və onun vətəndaşlarına, eləcə də Ermənistan cəmiyyətinin müəyyən hissəsinə qarşı dostcasına qəbul etmək çətindir. “Rusiyada yaşayan ermənilər digər millətlərlə bərabər hüquqlara malikdir, dövlət vəzifələri tutur, parlamentə seçilirlər. Paşinyanın hərəkətlərindən sonra iki ölkə münasibətlərin necə inkişaf edəcəyi sual doğurur. Ukraynada da hər şey məhz belə başlamışdı”, - spiker fikrini təhdid tonunda tamamlayıb...

Ermənistanı təmizə çıxarmaq kimi bir fikrimiz yox, amma gerçək belədir ki, İrəvan adı çəkilən beynəlxalq tədbirə, sadəcə, ev sahibliyi edib və ev sahibi qismində də bütün iştirakçı dövlətlərin başçılarına, o cümlədən Azərbaycan, Türkiyə və Ukrayna prezidentlərinə dəvət göndərib. Rusiya isə bir növ İvan Krılovun məşhur təmsilindəki “Qurd” kimi özünü aparır. Yəni “Quzu”nu yemək üçün ən absurd bəhanəni belə dövriyyəyə buraxır.

Rəsmi Moskvanın artan bu qəbil şantajları şübhəsiz, ilk növbədə Ermənistanda yaxınlaşan seçkilərlə birbaşa bağlıdır. Bu yolla Rusiya rəhbərliyi hakim partiyanı daxildə nüfuzdan salmağa, erməni toplumunu qorxutmağa, özünə bağlı proksi qüvvələrin isə seçkilərdə şansını artırmağa ümid edir. Yekunda da Azərbaycanla iki ildir uğurla davam edən sülh prosesini, TRIPP layihəsini dayandırmaq, yaxud öz patronajlığına qaytarmaq niyyəti güdür.

post-img

Digər ciddi səbəb, əlbəttə ki, Ukraynadır. Daha dəqiqi, “xüsusi hərbi əməliyyat” adı altında qonşu dövlətə qarşı 5 ildir aparılan işğalçı müharibənin faktiki tormozlanması ilə bağlıdır. Guya “5 günə bitəcək” əməliyyatın 5 illik müharibəyə çevrilməsi, ölkə iqtisadiyyatının təngnəfəs olması, müharibənin Rusiya ərazisi hesabına genişlənməsi və daxildə ictimai narahatlığın tədricən artmasıdır...

“The New York Times”ın bu mövzuda maraqlı təhlili var. Nəşrin yazdığına görə, Donbas istiqamətində döyüşlərin gedişi Rusiya ordusunun hücum sürətinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir. Qəzet qeyd edir ki, bəzi cəbhə xətlərində Ukrayna qüvvələri mövqelərini geri qaytara bilib. Məlumata görə, hazırkı hücum tempi dəyişməz qalarsa, Moskvanın Donbası tam nəzarətə götürməsi üçün 30 ildən çox (!) zaman lazım ola bilər. Nəşr, həmçinin, Rusiyada rabitə problemlərinin və Telegram-la bağlı tətbiq olunan məhdudiyyətlərin əməliyyatlara əlavə çətinlik yaratdığını vurğulayır.

Üstəgəl, bu fonda Vladimir Zelenskinin Qırmızı meydanda parad keçirmək üçün Rusiyaya icazə verməsi haqda ötən həftə imzaladığı lağlağı sərəncam. Kreml həm də buna görə çox qəzəblidir. Moskva “günah keçisi” axtarır ki, heç olmasa, bu yolla öz cəmiyyətinin diqqətini əsas problemdən yayındıra bilsin.

Ancaq günahı heç yerdə yox, özündə axtarmaq gərəkdir. Arada güzgüyə baxmaq lazım. Əks halda, Rusiya strateji məğlubiyyətdən yaxa qurtara bilməyəcək...

Zahid SƏFƏROĞLU

Bizə qoşulun