Medianews.az
“Həkim var, sistem yoxdur:
93 baxış

“Həkim var, sistem yoxdur: Səhiyyədə kadr problemi”

“TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi, insan resurslarının səmərəli idarə olunması, tibbi xidmətlərə artan tələbatın qarşılanması, eləcə də regionlarda kadr ehtiyatının balanslaşdırılması istiqamətində mövcud ehtiyaclara uyğun zəruri tədbirlər həyata keçirilir”.

Medianews.az bildiri ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qurumun açıqlamasında deyilib ki, hazırda Bakı və Abşeron yarmadası üzrə tabeli tibb müəssisələrində həkim çatışmazlığı müşahidə olunmur:

“Statistik təhlillər göstərir ki, yalnız bölgələrdə yerləşən bəzi tibb müəssisələrində müəyyən dar ixtisaslar üzrə həkimlərə ehtiyac var. Regionlarda həkim çatışmazlığı əsasən ailə həkimi-terapevt, həkim-anestezioloq-reanimatoloq, ailə həkimi-pediatr, həkim-nefroloq, həkim-travmatoloq-ortoped, həkim-ümumi cərrah, həkim-mama-ginekoloq və həkim-nevroloq ixtisasları üzrə müşahidə olunur. Mövcud çatışmazlığın aradan qaldırılması məqsədilə kadr planlaması və yerləşdirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Görülən tədbirlər regionlarda əhalinin keyfiyyətli və davamlı tibbi xidmətlərə çıxış imkanlarının artırılmasına xidmət edir”.

Həkim-radioloq Aydın Əliyev “Yeni Sabah”a açıqlamasında mövzunu şərh edib. Onun sözlərinə görə, dövlət tibb müəssələrində ciddi şəkildə kadr çatışmazlığı var:

“Ümumi qeyd edə bilərəm ki, bölgələrdə bu daha çox hiss olunur. Paytaxt ərazisində bəzi vakansiyalar süni şəkildə  gizlədilir. Bu kimi problemlərin yaranması dövlətdə normal səhiyyə siyasətinin  olmaması ilə əlaqədardır. Tutaq ki, hansısa bölgədə həkim çatışmazlığı var dövlət bunu bildirməlidir və bu vakansiya üzrə gələn həkimlərə iki qat əməkhaqqı veriləcəyi, qalmaq üçün mənzillə təmin olunacağı qeyd edilməlidir”.

Həkim vurğulayıb ki,stimullaşdırıcı tədbirlər görülməlidir.  A.Əliyevin fikrincə,  bölgəyə göndərilən həkimin yanına təcrübə keçməsi üçün rezident göndərilməlidir ki, o həkim o rezidenti öyrədəndən sonra öz yerinə qoyub geri qayıtsın:

“Beləliklə, orada bu formada struktur yaranmış olacaq. Ölkəmizdə yetərincə savadlı kadrlar yetişir və çox hissəsi ölkədən kənar fəaliyət göstərməyi düşünür. Bu sahədə problemlər olduğu müddətcə ölkədən gedib, əsasən də Almaniyada fəaliyyət göstərən həkimləri qınamaq olmaz. Düşünürəm ki, hər sahədə problemlər var və həll yolu tapılarsa, hər kəs öz peşəsini ölkədə layiqincə davam etdirər”.

Bizə qoşulun