“İranın ballistik raketləri kütləvi istehsal etməsi və dronların sayını artırması, havadan müdafiə sistemlərini yenidən qurması İsraili preventiv addımlar atmağa məcbur edə bilər. Həmçinin İran öz hərbi hava qüvvələrinin parkını yeniləyib, yeni qırıcılar alır. Çin və Rusiya İrana hərbi logistika imkanlarını genişləndirir”. Bu sözləri Medianews.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İranın strateji planı Yaxın Şərqdə yenidən geosiyasi mövqeləri möhkəmləndirmək və ABŞ-la danışıqlara getməməkdən ibarətdir: “İsrail bunu öz varlığına təhlükə bildiyi üçün ABŞ-ı İrana qarşı növbəti hərbi kampaniyaya qoşmağa çalışır.
Yeni müharibə başlanarsa, iyundakı 12 günlük müharibədən daha genişmiqyaslı və dağıdıcı ola bilər. Xüsusilə İsrailin kiçik ərazisi İranın kütləvi raket hücumlarına məruz qala bilər. İran İsrailə öz ərazilərindən müqavimət göstərəcək. İsrailin təkbaşına İrana hücumu ağır nəticələrə səbəb ola bilər. Amma ABŞ müdaxilə edəcəksə, İran hakimiyyətinin taleyi sual altında qala bilər”.
İranı nüvə silahı hazırlamaq niyyətində ittiham edən İsrail 2025-ci il iyunun 13-dən bu ölkəyə qarşı kəskin hərbi hava və raket hücumları aparıb. İyunun 22-də ABŞ da hava hücumlarına qoşulub, İranın əsas nüvə təsisatlarına zərbələr endirilib. İyunun 23-də atəşkəs razılığına gəlinib.
Nailə Qasımova,
Medianews.az