Mayın 26-dan Bakı-Tbilisi-Bakı sərnişin qatarları yenidən işə düşəcək. Marşrut üzrə gündəlik sərnişindaşımanın bərpası barədə razılıq mayın 18-i Bakıda - Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidzenin görüşündə əldə olunub.
Medianews.az xatırladır ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası dövründən dayandırılıb.
2020-ci il martın 31-də Azərbaycanda pandemiya ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunub. İlk dövrlərdə sərt məhdudiyyətlər olub. Məsələn, toy və yas mərasimləri yasaqlanıb, evdən çıxmaq icazə sisteminə bağlanıb, bəzi günlərdə tam qadağan olunub, şəhər və rayonlar arasında gediş-gəliş məhdudlaşdırılıb, ticarət, ictimai iaşə, mədəniyyət obyektləri, ictimai nəqliyyat sərt nəzarət altında fəaliyyət göstərib, tibbi maskadan istifadə, peyvənd olunma şərtləri qoyulub, tədris ocaqları məsafədən təhsilə keçib...
Epidemioloji durum yaxşılaşdıqca məhdudiyyətlər azalıb, yumşaldılıb. Artıq uzun müddətdir Azərbaycanda xüsusi karantin rejimi yalnız bir məhdudiyyətdən ibarətdir: yük daşımaları istisna olmaqla ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxış yasaqdır.
Nazirlər Kabineti sonuncu dəfə 2026-cı il martın 16-da xüsusi karantin rejimi müddətinin uzadılmasına qərar verib. Müddət iyulun 1-də başa çatmalıdır.
Beləliklə, ən azı iyulun 1-dək Azərbaycanda xüsusi karantin rejimi, yəni yük daşımaları istisna olmaqla ölkə ərazisinə yerüstü nəqliyyatla giriş-çıxış yasağı qüvvədədir.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının işə düşməsi bu baxımdan hələ ki, ilk və yeganə istisnadır.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, 2024-cü ilin martında yayılmış son rəsmi hesabata görə, 835 min 144 nəfər yoluxub, onların 10 min 428-i vəfat edib.
2023-cü il mayın 5-də Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini açıqlayıb.
Azərbaycan hakimiyyəti xüsusi karantin rejiminin, daha doğrusu, quru sərhədlərin açılmamasının yalnız koronavirusa əsaslanmadığını inkar etmir. Dövlət başçısı səviyyəsində də bəyan olunub ki, quru sərhədlərin bağlı saxlanması daha çox təhlükəsizlik məsələləri ilə əlaqədardır.