Türkiyəli müğənni və AHBAP Dərnəyinin qurucusu Haluk Levent barəsində açılan qarşılıqsız çek işi üzrə məhkəmə qərarı verilib.
Medianews.az xəbər verir ki, İstanbul Anadolu 24-cü İcra Cəza Məhkəməsi sənətçini 2025-ci ildə dövriyyəyə buraxdığı iki çekin qarşılıqsız çıxması səbəbindən ümumilikdə 70 milyon TL məbləğində cərimələyib.
Məhkəmə eyni zamanda onun yeni çek yazmasını və çek hesabı açmasını da qadağan edib.
İş materiallarına əsasən, qarşılıqsız çıxan çeklərdən biri 19 milyon 987 min TL, digəri isə 50 milyon 83 min TL məbləğində olub. Məhkəmə hər iki epizod üzrə qanun pozuntusunun baş verdiyi qənaətinə gəlib.
Bildirilir ki, qərar hələ qüvvəyə minməyib. Haluk Leventin apellyasiya instansiyasına müraciət edəcəyi gözlənilir. Qərar yuxarı məhkəmə tərəfindən təsdiqlənərsə və cərimə ödənilməzsə, sənətçi həbs təhlükəsi ilə üzləşə bilər.
Medianews.az