ABŞ-li rock qrupu “3 Doors Down”un solisti və qurucu üzvü Bred Arnold 47 yaşında dünyasını dəyişib. Musiqiçinin bir müddətdir dördüncü mərhələ böyrək xərçəngi ilə mübarizə apardığı bildirilib.
Medianews.az xəbər verir ki, ölüm xəbəri qrupun rəsmi sosial şəbəkə hesabları vasitəsilə açıqlanıb.
Məlumata görə, Arnold şənbə günü ailəsinin yanında, evində vəfat edib. O, bu ilin may ayında özündə böyrək xərçəngi aşkarlandığını ictimaiyyətə açıqlamışdı.
Qrupun paylaşımında Bred Arnoldun həyat yoldaşı Cenniferə bağlılığı, səmimiyyəti, xeyirxahlığı və insani keyfiyyətləri xüsusi vurğulanıb. Bildirilib ki, onu tanıyanlar təkcə musiqi istedadını deyil, həm də təvazökarlığını, inancını və ailəsinə, dostlarına olan dərin sevgisini xatırlayacaqlar.
Açıqlamada ailənin bu çətin dövrdə göstərilən dəstəyə görə təşəkkür etdiyi və şəxsi həyata hörmət olunmasını xahiş etdiyi qeyd olunub. Bred Arnoldun xatirəsinin daim yaşayacağı bildirilib.
Medianews.az





