NATO Ermənistanla münasibətlərdə yeni mərhələyə keçməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, alyansın baş katibinin müavini Radmila Şekerinska Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdən sonra X sosial şəbəkəsində verdiyi açıqlamada bu niyyəti açıq şəkildə ifadə edib.
Şekerinskanın sözlərinə görə, NATO Ermənistanda həyata keçirilən islahatları dəstəkləməyə hazırdır və tərəflər gələn il əməkdaşlığa dair yeni çərçivə sənədinin razılaşdırılmasına ümid edirlər. O bildirib ki, bu sənəd NATO–Ermənistan tərəfdaşlığının əsas istiqamətlərini və gələcək prioritetlərini müəyyən edəcək.
Bu açıqlama Ermənistanın təhlükəsizlik və xarici siyasət kursunda Moskvanın təsirindən tədricən uzaqlaşmaq cəhdlərinin növbəti göstəricisidir. NATO ilə əməkdaşlığın institusional səviyyədə dərinləşdirilməsi isə Cənubi Qafqazda geosiyasi balansın dəyişməsi baxımından diqqət çəkən addımdır.