Rusiya rəsmiləri Vladimir Putinlə üz-üzə görüşməzdən əvvəl mexaniki saatlar da daxil olmaqla, saatlarını təhvil verməlidirlər.
Musavat.com xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan iki mənbə “Moskva xəbərləri”nə bildirib.
Mənbələrdən biri nəşrə bildirib ki, telefonla görüşəı girmək uzun müddətdir qadağan edilib, indi isə siyahıya saatlar əlavə edilib.
Mənbənin sözlərinə görə, yeni qaydalar aprelin ortalarında qüvvəyə minib. Bunu Kremlin dərc etdiyi son görüşlərin videoları da təsdiqləyir. Məsələn, Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov, Mordoviya qubernatoru Artem Zdunov və "Kamaz"ın baş direktoru Sergey Koqoqin Putinlə saatları olmadan görüntüləniblər. Onların hamısı məsələn, mütəmadi olaraq görüşdükləri baş nazir Mixail Mişustinin kabinetində və digər ictimai tədbirlərdə qolarında saatları olub.

Amma bir mənbə iddia edir ki, yeni tələb Putinin yaxın çevrəsinə, onun şəxsən etibar etdiyi şəxslərə şamil edilmir. Maraqlıdır ki, Putinin özü də son vaxtlar kabinetində təkbətək görüşlər zamanı saatsız görünməyə başlayıb. Yeni qadağalarla bağlı xüsusi bilgi yoxdur. Amma son vaxtlar CNN, “Financial Times” və “Important Stories” Avropa kəşfiyyatının Putinin sui-qəsd cəhdindən və çevrilişdən qorxduğunu bildirən məlumatlar dərc ediblər. Nəticədə, Federal Mühafizə Xidməti prezidentin ətrafında təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə artırıb. Putinin yaxınlığında işləyən işçilərə -aşpazlara, mühafizəçilərə və fotoqraflara internetə qoşulmuş cihazlardan istifadə etmək qadağan olunub.