Qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün cəzalar sərtləşdirilir.
Medianews.az-ın məlumatına görə, sözügedən məsələ Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;
yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (10 min manatdan 15 min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək. Həmçinin qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.//Oxu.Az