Medianews.az
SEPAH üçün edam sehpası -
57 baxış

SEPAH üçün edam sehpası - korpusun Keyteli yoxdur, dirəşən keyxosrovları var

Regionda, İran ətrafında, Vaşinqton-Tehran-Təl-Əviv üçbucağı arasında qəribə vəziyyət yaranıb: tərəflər həm sülhdən, atəşkəsin davam etməsinin zəruriliyindən danışırlar, həm də yenidən savaşmaq üçün silah və hərbi qüvvə birikdirirlər.

Qarşılıqlı təhdidlər də davam edir. ABŞ tərəfi İrana öz şərtlərini qəbul etdirəcəyini, onun ağ bayraq qaldırıb təslim olmasının vacibliyini israrla söyləyir, İran tərəfi heç bir şərt qəbul etməyəcəyini əminliklə və qəti şəkildə deyir.

ABŞ-nin xarici işləri naziri (dövlət katibi) Mark Rubio münaqişənin diplomatk yolla həllinn mümkün olduğunu bəyan edir, onun iranlı həmkarı Abbas Araqçinin açıqlamaları isə tərəflərin danışıqlar masasından nə qədər uzaq olduğunu göstərir.

İki gündən sonra düz bir ay olacaq ki, durum belədir: bir gün müharibənin bitdiyinə dair qənaətlər güclənir, ertəsi gün savaşın daha bir mərhələsinin irəlidə olduğu barədə rəylər qətiləşir. Beləcə, “nə hərb, nə sülh” vəziyyəti davam edir.

Bilinən odur ki, 3 dövlətin fəal, Fars-Ərəb hövzəsi dövlətlərinin isə passiv şəkildə qatıldığı müharibəni törədən şərtlər eynilə qalır. Savaşa nə səbəb olmuşdusa, onlar hələ də ortadan qalxmayıb. İran yenə də nüvə proqramını davam etdirmək niyyətindən geri çəkilmədiyini bildirir, İsraillə düşmənçiliyini daha qətiyyətlə davam etdirəcəyini bəyan edir, regionun əsas söz sahibi olması fikrində olduğunu göstərir.

Düşdüyü bu qədər ziyana, zərərə, verdiyi itkilərə baxmayaraq, rəsmi Tehran özünü müharibənin qalibi sayır və şərtlər diktə edir.

Əslində hələ bir ay öncə tərəflər atəşkəs barədə razılığa gələrkən aydın idi ki, bu müharibənin sona çatması deyil. Çünki tərəflərin ikisi də “qələbə”dən danışırdılar. Dünya tarixində amansızcasına döyüşən tərəflərin ikisinin də eyni zamanda qələbə qazandığı faktı olmayıb. Döyüşənlərin hər ikisinin məğlub olduğu, qazandıqlarından qat-qat artıq miqyasda itkiyə məruz qaldığı savaşlar olub, amma bir savaşın iki qalibi olması presedenti yoxdur.

Qarşılıqlı “qələbə” ritorikası o demək idi ki, tərəflərin sülh şərtləri bəri başdan qarşılıqlı inkarla müşayiət olunacaq. Hər iki ölkənin ictimaiyyəti deməzdimi, bu, necə qələbə çalmaqdır ki, düşmənin şərtlərini qəbul edirsən. Qarşı tərəfin şərtlərini qəbul etmək kapitulyasiya aktının nəticəsidir. Məsələn, 1945-ci ildə müttəfiq dövlətlərin (ABŞ, SSRİ, Böyük Britaniya) aramsız hücumları və təzyiqləri nəticəsində darmadağın olan 3-cü Reyxin feldmarşalı Vilhelm Keytel mayın 8-də kapitulyasiya aktını danışıqsız, qeyd-şərtsiz imzalamışdı (şəkildə).

keytel.JPG (42 KB)

Əsas məsələ bu idi: “qeyd-şərtsiz”. Hitler Almaniyasının ən adi bir şərti nəzərə alınmamışdı. Məğlub tərəf hər şeyini itirir, özlərinin və dövlətlərinin taleyini müttəfiqlərin insaf və mərhəmətinə buraxırdı.

İndiki halda isə hava sahəsinə nəzarət edə bilməyən (yaxud qismən nəzarət edən), hərbi dəniz donanmasından məhrum olan, döyüş generallarını itirən, ballistik raket arsenalını tükəndirən, savaş nəticəsində daha çox ziyana düşən tərəfin şərtləri qarşı tərəfinkindən daha çox və daha sərtdir.

Hələlik İranda Keytel yoxdur, keyqubadlar və keyxosrovlar var və onlar SEPAH generalları olaraq sona qədər döyüşmək əzmindədirlər. İranın iri şəhərlərinin altındakı bunkerlər, katakombalar onları sona qədər qoruyacaq. ABŞ və İsrailin İran üzərinə yerüstü hücuma keçməyəcəyi (bu ehtimal hələlik çox azdır) təqdirdə, İranı idarə edən SEPAH dirəşəcək, ölkənin darmadağın olması, viran qalması onu kapitulyasiya masasına gətirməyəcək.

Çünki SEPAH rəhbərliyi yaxşı bilir, danışıqlar masasında ABŞ və İsrailin şərtlərini qəbul edərək müharibəni bitirsə, bu, onun üçün edam sehpasına könüllü getmək demək olacaq.

Bəs müharibə mühitinin davam etməsi halında nə olacaq? Bu, mərkəzində İran olmaqla region dövlətləri üçün fəlakət, tənəzzül, böyük iqtisadi problemlər deməkdir. Həm də təkcə Yaxın Şərq ölkələri yox, bu durumdan Asiya, Avropa və Afrika ölkələri də öz ziyan nəsiblərini alacaqlar – necə ki, artıq alırlar.

İndi İran rəhbərliyi Rusiya və Çini “səmimi dost” adlandırır, onlara güvənir. Çin də, Rusiya da ABŞ-İran savaşına öz maraqlarının prizmasından baxır, özlərini işi avand olmuş yolçu kimi hiss edirlər.

Xalid KAZIMLI

Bizə qoşulun