Medianews.az
Toylarla bağlı yeni QAYDA -
79 baxış

Toylarla bağlı yeni QAYDA - Azərbaycanda nə vaxt TƏTBİQ EDİLƏCƏK?

Türkiyədə toylarla bağlı 21 maddəlik yeni qaydalar müəyyənləşdi. Yeni qaydalara əsasən, gəlinə taxılacaq qızıl maksimum 70 qramla olmalı, nişan və “hə” mərasimləri eyni gün keçirilməli, toy isə yalnız bir gün davam etməlidir. Bundan başqa, bahalı səhnə quruluşu, rayon xaricində fotosessiya və gözəllik xidmətləri, eləcə də uzun avtomobil karvanları qadağan edilib. Gəlinlik və nişan geyimlərinin isə yerli satıcılardan alınması tələb olunur.

Bəs bu qaydalar gələcəkdə, bizim ölkə üçün də keçərli ola bilər?

Məsələ ilə bağlı deputat Tahir Rzayev Ajans.az-a açıqlama verib.

Deputat bildirib ki, bu həm insanların rahatlığı, həm də ailə büdcəsinə qənaət edilməsi baxımından vacibdir və bu tədbirlər davam etdirilməlidir.

Toy şənliklərinin 2 milyon lirəyə başa gəlməsi və tətbiq olunan qaydalar əsasında bunun 500 min lirəyə endirilməsi, əlbəttə ki, həm ailə büdcəsinə, həm də sərf olunan ərzaq məhsullarına qənaət baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qısalıq və təşkilatçılıq baxımından da vacibdir.

Çünki elə toy mərasimləri var ki, bir neçə mərhələdən ibarət olur: əvvəl elçilik, sonra nişan, daha sonra gəlin görüşü, xına mərasimi və toy – bu silsilə tədbirlər, əlbəttə ki, ailələri ciddi şəkildə yükləyir və narahat edir.

Tahir Rzayev söyləyib ki, bəzi xərclərin azaldılması, toylarda müəyyən xidmətlərin məhdudlaşdırılması da məhz ailə büdcəsinə hesablanıb. Azərbaycanda da bu cür tədbirlər həyata keçirilə və qaydalar tətbiq oluna bilər. Artıq bir müddətdir ki, ölkəmizdə yas mərasimlərində ehsan verilməsi yığışdırılıb. İnsanlar bundan çox məmnundurlar, razılıq edirlər.

“Çünki yas mərasimlərində külli miqdarda xərclər çəkilirdi və bu, vəfat edən şəxsin ailəsinə ciddi maddi yük yaradırdı. Günlərlə davam edən yas məclisləri insanları demək olar ki, yorurdu. Toylarda da vəziyyət oxşardır. Səs-küy, insanların çoxluğu, dəbdəbəli tədbirlər, sözsüz ki, həm toy sahibləri, həm də qonaqlar üçün çətinlik yaradır. Bu, artıq normal hesab olunmayan bir haldır. Çünki toylarımız əndazədən çıxıb.”

Millət vəkilinin sözlərinə görə, bəzən bir qonağın qida xərci 300-400 manata başa gəlir. Halbuki heç bir insan bu qədər qidanı nə yeyə, nə də həzm edə bilər. Müxtəlif dekorasiyalar, musiqi və əyləncə xərcləri isə toy sahibini tamamilə çətin vəziyyətə salır.

Bu xərclərin ailə xoşbəxtliyinə heç bir faydası yoxdur. Əksinə, bu, izafi xərc, narahatlıq və borclanma deməkdir. Bir çox hallarda toy mərasimlərindən sonra borca düşən ailələrdə problemlər başlayır. Qohumlar arasında mübahisələr yaranır, hətta bu hallar boşanmalara qədər gedib çıxır.

“Bu, doğrudan da düşündürücü və acınacaqlı bir vəziyyətdir. Lakin təkcə qanun və qaydalarla bu problemi tam həll etmək mümkün deyil. İctimaiyyətin özü, insanlar özləri belə israfçı mərasimlərin azaldılmasına çalışmalıdırlar.”

Bizə qoşulun