3 lotu toplaşıb, 1 nəfər “qaz”dan 510 min manat pul, 34 min manatlıq da əlavə qızıl-zinət əşyaları alıblar. Guya bunu Bakıda hansısa rayona icra başçısı qoyacaqlarmış. Lotuların və “zərərçəkənin” adını yazmağa ehtiyac yoxdur, aşağı-yuxarı belə tiplərə çox rast gəlirik. Yalnız qeyd edim ki, dələduzlardan biri keçmiş polis rəisi müavini və polkovnik, biri sayt rəhbəri-“zurnalist”, üçüncüsü isə iş adamıymış.
Gör nə qədər gözəl, koloritli, rəngarəng alınıbdır! Cəmiyyətimizin əksər sferaları bu işin içində cəm olmuşdur. Aldadılan tip də biznesmen imiş. Lap şairanə vəziyyətdir: “Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə. Olmadılar razı onu bölməyə, Çıxdı iş axır ölüb-öldürməyə”.
Şübhəsiz, Abbas Səhhət dahi sənətkarımız olmuşdur, onun ruhuna bir salavat çevirək, davam edək.
Sözgəlişi, prosesin gedişatı da təxminən həmin şeirdəkinə oxşayır: “Tülkü uzaqdan görüb bu haləti, Bildi ki, yox heç birinin taqəti. Gəldi götürdü ovu, etdi fərar, Həsrət ilə baxdı dalınca onlar”. Bəs bizim əhvalatda tülkü rolunu kim oynayıb, ta onu tapmağı əziz oxucuların ixtiyarına buraxıram.
İndiki halda isə ağır cinayətlərin hakimi bu yoldaşlara barışıq üçün vaxt vermişdir. Deyir, pulun 150 mini “dovşana” qaytarılıb, “ayılardan” biri də söz verir ki, dəxi 150 min verməyə hazırdır, təki söhbət bağlansın. Lakin zərərçəkən dirəşib, deyir bütün verdiklərimi geri istəyirəm. Buna görə də məhkəmə barışıq müddətini uzatmışdır.
Məqamı gəlib, burada Molla Nəsrəddindən lətifə yazmalıyıq. Bir gün Molla qonşu kəndə gedəndə görür 10 nəfər kor çayı keçməyə çalışır. Molla deyir hərəniz 1 manat verin, keçirim. 9 nəfəri keçirir, axırıncını su aparır. Korlar haray-həşir salır, Molla deyir: “Nə qışqırırsınız? 1 manat az verərsiniz!”
Hərçənd, deyəsən Molla və qazı haqda anekdot yazmalıydım, hələlik bununla yola verin, çətin zəmanədir, bilmirik yazı qurtarana qədər başımıza nə iş gələcəkdir.
Qayıdaq əhvalata. Məncə dələduzluq qurbanı bütün vəsaitləri geri istəməklə prosedurların mahiyyətinə varmadığını, necə deyərlər, hələ də ağıllanmadığını göstərir. Yaxşı, lotular aldıqlarının hamısını sənə qaytarsınlar, bəs məhkəmənin başqa iştirakçı və tərəfləri nə eləməlidir? Hamının balası var.
Şəxsən mən hakimin yerinə olsam heç barışığa-zada vaxt verməzdim, bunun özünü də dələduzlarla bahəm 10-15 illiyinə içəri basardım. Nəyə görə? İzah edim, siz də başınızla təsdiqləyin, mən bütün oxucularımı qeyb aləmindən izləyirəm.
Yada salaq: bu qurban pulu nəyə görə vermişdi? Ay sağ olasınız: icra başçılığı üçün. Bəs hansısa dövlət vəzifəsini pulla satın almaq fikrinə düşən adam günahkar, cinayətkar deyilmi? Niyə biz rüşvət alanla yanaşı, rüşvət verəni də cəzalandırmırıq? Axı bu adamın özü də bir növ nakam cinayətkardır, həmin pulu verirdi ki, sonra gəlib başçı işləyəcəyi rayonun camaatının canına, qanına qənim kəsilsin, zəli kimi sormağa başlasın. Yarım milyon qoyurdu, guya neçə milyonlar qazanacaqdı. Başqa nə niyyəti vardı? Bəlkə pul verirmiş ki, gəlib xalqımıza xidmət eləsin?
Zamin HACI