Medianews.az
Tramp Müctəba Xameneini tanımır:
90 baxış

Tramp Müctəba Xameneini tanımır: "Mən onu lider hesab etmirəm"

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə verdiyi son müsahibəsində İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin legitimliyini və hazırkı statusunu kəskin şəkildə şübhə altına alıb. Ağ Ev rəhbəri Müctəba Xameneinin hazırda harada olduğunun bilinmədiyini, heç bir yerdə görünmədiyini və faktiki olaraq qərar qəbul etmək iqtidarında olmadığını vurğulayaraq, "O, əlçatmazdır, heç kim onunla nə baş verdiyini bilmir, mən onu lider hesab etmirəm" deyə bəyan edib.

Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, Trampın çıxışında nüvə sazişi ilə bağlı da mühüm detallar yer alıb. O, Tehranla təxminən 15 bənd üzrə razılıq nöqtələrinin olduğunu və bu siyahıda ilk üç bəndin İranın heç vaxt nüvə silahına sahib olmaması ilə bağlı olduğunu bildirib. Prezidentin sözlərinə görə, İran tərəfi artıq bu şərtlərlə razılaşıb.

İranın enerji resursları və infrastrukturuna toxunan Tramp sistemdə mümkün qədər çox neftin olmasını istədiyini, İranın bu satışdan əldə etdiyi cüzi vəsaitin isə müharibənin gedişatına təsir etməyəcəyini qeyd edib. O, həmçinin İranın elektrik stansiyalarına endirilən zərbələri Rusiyanın Ukraynadakı hərəkətləri ilə müqayisə edən jurnalistlərə cavabında bu iki vəziyyətin tamamilə fərqli olduğunu vurğulayıb. Sonda isə Tramp ötən yay İranın nüvə obyektlərinin məhv edildiyini xatırladaraq, müvafiq avadanlıqlarla həmin yerlərin yenidən qazılıb bərpa edilməsi riskinə qarşı ayıq-sayıq olduqlarını və buna qətiyyən icazə verməyəcəklərini əlavə edib.

Bizə qoşulun