“Belə görünür ki, Trampın ultimatumu onun özünü daha çox qorxutdu, nəinki İranı”. Politoloq Şahin Cəfərli Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, İran rejimi ultimatumu rədd edəndən sonra Tramp öz xəbərdarlığında dediklərini reallaşdırmağa risk etmədi. Onun İran mədəniyyətinin tam məhv olacağı barədə dedikləri isə ümumiyyətlə bərbad idi”.
Xatırladaq ki, bu il fevralın 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıb. Bu müddətdə ABŞ prezidenti Donald Tramp Tehrana bir neçə dəfə ultimatum verib. Sonuncu ultimatumunda o, bəyan edib ki, aprelin 7-si saat 20:00-a qədər (Bakı vaxtilə aprelin 8-i saat 04:00) Hörmüz boğazı açılmasa İranda bütün körpülər, elektrik stansiyaları partladılacaq. Ultimatumunda qoyulan vaxtın bitməsinə az qalmış Tramp İran sivilizasiyasının bir gecədə məhv ola biləcəyi ilə də hədələyib.
Lakin bir qədər sonra ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması əldə olunduğu açıqlanıb. Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda Vaşinqtonla Tehranın danışıqlara başlayacağı gözlənir.

Şahin Cəfərli qeyd edib ki, iki həftəlik atəşkəs İrana ilk növbədə müharibədə öldürülmüş ali rəhbər Əli Xameneinin rəsmi dəfn mərasimini təşkil etməyə imkan verəcək: “Rejim mümkün qədər çox əhali və xarici qonaq toplayaraq mərasimi legitimlik mənbəyinə çevirməyə çalışacaq.
Aprelin 10-dan başlayacaq danışıqlarda nəticə əldə olunması ehtimalı barədə qəti və birmənalı rəy söyləmək çətindir. Aydındır ki, bu şəraitdə razılıq olacaqsa, tərəflərdən birinin diktəsi ilə deyil, qarşılıqlı kompromislər əsasında olacaq."İranın şərtləri" adı altında yayılan 10 bənddən ibarət mətn absurddur və daha çox təbliğata yönəlib. Razılıq olmayacaqsa, müharibənin yenidən başlaması deyil, atəşkəsin uzadılması ehtimalı daha yüksəkdir”.
Toğrul Əli,
Medianews.az