Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda polislə silahlı qarşıdurmaya girən şəxs uzun sürən təqibdən sonra zərərsizləşdirilib.
Medianews.az xəbər verir ki, hadisə Hızırtəpə məhəlləsində baş verib.
İlkin məlumata görə, kimliyi hələ açıqlanmayan şübhəli naməlum səbəbdən küçədə hərəkətdə olarkən polis əməkdaşlarına atəş açıb. Bundan sonra hüquq-mühafizə orqanları dərhal əməliyyata başlayaraq şəxsi təqib edib. Üç küçə boyunca davam edən təqib zamanı tərəflər arasında atışma yaşanıb.
Nəticədə şübhəli məktəbin qarşısında vurularaq zərərsizləşdirilib. Yaralı vəziyyətdə olan şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.
Hadisə zamanı açılan atəş nəticəsində ətrafdakı bəzi evlərə və nəqliyyat vasitələrinə güllələr dəyib. Faktla bağlı maddi ziyanın yarandığı bildirilir. Əraziyə cəlb olunan polis xüsusi təyinatlı dəstələri geniş təhlükəsizlik tədbirləri həyata keçirərək küçələri nəzarətə götürüb.
Baş verənlər mobil telefon kameraları ilə lentə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb. Faktla bağlı araşdırma davam edir.
Medianews.az