“Bu günlərdə eşitdim ki, Yalçın Adıgözəlovu işdən çıxarıblar. Mən başa düşə bilmirəm ki, Yalçını niyə işdən çıxarıblar?! Özünə zəng edib soruşacam ki, görüm nə məsələdir?! Yalçın böyük sənətkardır və görkəmli sənətkarın övladıdır. Opera və Balet teatrının direktorunu tanımıram. Heç adını da eşitməmişəm. Ümumiyyətlə bizim mədəniyyət sistemimizi kökündən dəyişmək lazımdır. Teatr, kino və digər sahələrə əl gəzdirmək lazımdır. Mədəniyyət siyasətinin bu qədər səthi olması bəzi əsas məsələlərin zəifləməsinə gətirib çıxara bilər. Bir dövlət mədəniyyəti, sənətkarları ilə tanınır. Bu sahələr dələduzlardan təmizlənməlidir. Dələduz o demək deyil ki, sənə pul atsın, nəsə oğurlasın. Məşhur fransız yazıçısı Gi de Mopassanın “Əziz dost” adlı bir əsəri var. O əsəri sonda bir cümlə ilə bitirir-“Gələcək dələduzlara məxsusdur”. Görün ətrafınızda, çalışdığınız yerdə, teatrlarda və mədəniyyət sahəsində nə qədər dələduz var?! Gözünün içinə baxır sənə torba tikir, sənə yalan danışır. Bu teatr sahəsi də belədir. Dələduzlar hər yerdə var. Bütün dünyada belə bir proses gedir. Ona görə də Nuh peyğəmbərin dövründə olanlar toya getməli olacaq”
Bunu Medianews.az-a açıqlamasında tanınmış müğənni Akif İslamzadə deyib.
O daha sonra qadınların vəzifədə olmasına sərt etirazını bildirib:
“Mən qadınlara qarşı deyiləm. Amma vəzifədə nə qədər qadın olar?! Hansı vəzifəyə baxırsan xanımlardır. Televiziyaya baxırsan verilişlərin əksəriyyətini qadınlar aparır. Özü də ağızlarına gələni danışırlar, hamısı da bir-birinə oxşayır. Onların plastik həkimləri də deyəsən eyni adamdır”.
Akif İslamzadə cəmiyyətdə qarşılaşdığı bir problemi də bizimlə bölüşüb:
“Cavan uşaqlar yaşlı adamlara küçədə yol vermir. Bir də görürsən yol dardır, cavan uşaq keçir, qoca onu gözləyir. O gün şəhərdə yol keçirdim, dar küçəyə girdim, 4 uşaq gəlirdi, birinin də ağlına gəlmədi ki, dayanıb yol versin. Evdə uşaq böyüdürsən ki, böyüklərə nizam-intizamlı olsun, amma əksinə olur”.
Medianews.az