Təbiətin Bakı sakinlərinə yazığı gəldi, bu dəfə göydən buz yağdı. Yuxarılarda söz veriblər, daha Abşeron yarımadasına yağıntı maye şəklində düşməyəcəkdir. Elə düşəndə ev-eşiyi basır, camaat boğulur, kitab-dəftər islanır.
Zarafat edirəm, bizdə evdə kitab saxlamaq pis əlamət sayılır. Hansı evdə 100-dən çox kitab varsa onun sakinləri görünməmiş xəstəliklərdən ölürmüş. 150 kitablı evdəki qız uşaqlarını alan olmur, subay qarıyırlar. Kitab sayı 200-ü keçəndə gərək siçan-pişik idarəsini çağırasan, evi dərmanlasınlar, yoxsa orda yaşamaq qeyri-mümkündür.
Sabirin “Yığılıb dağ kimi hər yanda kitab, Evdə, dəhlizdə və eyvanda kitab. Deyirəm, ay kişi, bir gəl özünə, Bu nə işdir, a kül olsun gözünə!” şeirini oxumağa artıq ehtiyac qalmayıbdır. Maşallah.
Ona görə də, əgər sel-su günlərinin videolarını yadınıza salsanız, biz heç bir evdə yağışın kitab şkafını islatmağı hadisəsinə şahid olmadıq. Əlhəmdüllah. Əsas bir kitabdır, onu oxusaq bəsdir.
Suyun başqa şəkilləri də var, məsələn, yayda Bakıya göydən buxar verəcəklər, saunadakı kimi kef eləyəcəyik. Bunlar hamısı aparılan məqsədyönlü islahatların bariz nəticəsidir.
İslahat sferalarının ən mühümü təbabətdir. Bugünlərdə orada gərgin işlər aparılır, müdirlər çıxarılır, idarələrin tabeçiliyi dəyişir və sairə. Hətta mən belə söhbət oxudum, mat qaldım: “İslahatların ikinci böyük istiqaməti TƏBİB-in rolunun genişləndirilməsidir. Yeni qərarlara əsasən, dərman və tibbi vasitələrlə təminat funksiyaları da TƏBİB-ə verilir”(APA).
Belə çıxır ki, TƏBİB indiyəcən bizi dava-dərmansız sağaldırmış!
Fantastikadır. Şəxsən öz adımdan, şəxsən deputat Zabelinin seçiciləri adından dərin minnətdarlığımızı çatdırırıq. (Minnətdarlıq növbəsində belə alındı, xüsusi məna axtarmaq mənasızdır).
İndən belə, iynə-dərman da gələndən sonra, Əzrayılın ölkəmizdə fəaliyyəti tam dondurulacaqdır. Yaxşı olar ona sərhəddə viza verilməsin. Ya da koronavirus pandemiyasını bəhanə edək, ölkəmizə buraxmayaq. Zəhmət çəksin quru yolla gəlsin, gələ bilirsə. Hamımız 800 il yaşayacağıq. Bunun üçün pensiya fondunda çoxlu milyardlar vardır, narahat olmayın.
Görülən işlərin müsbət təsiri bir çox detallarda özünü göstərir. Misal üçün, xaricdə, elə götürək Amerikada, Tramp özündən qabaqkı başçılar haqqında nə yazır? Ay sağ ol: ağzına gələni. Baydenin gününü göy əskiyə büküb, Obamanı meymuna oxşadır, nə bilim, Buşa söz atır, Klintona mız qoyur... Bəs bizdə vəziyyət necədir? Buyurun, olduğu kimi sitat verirəm: “TƏBİB-in sabiq sədri Vüqar Qurbanov yeni icraçı direktor Anar Bayramovu təbrik edib. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. “Xeyirli olsun”, deyə V.Qurbanov qeyd edib”. Sitatın sonu.
Əladır. Gör nəsə paxıllıq, həsəd, nifrət, qəzəb, “mənə qismət olmayan kresloya daş düşsün” kimi notlar varmı? Heç biri yoxdur. Əksinə, vəzifənin xeyirli olmasını arzulamışdır. Xaricdə məmurlar köhnəni söyür, bizdə isə köhnə təzəyə alqış oxuyur, xeyir diləyir.
Kimin üçün xeyirli olacaq, əlbəttə, burada yalnız xalq, zəhmətkeşlərin mənəvi-sosial rifah halı, sağlamlıq vəziyyəti nəzərdə tutulmuşdur, köhnə sədr demək istəyir ki, sənin işin xalq üçün xeyirli olsun.
Atalarımız demişkən, el üçün ağlamayan göz “Rayban” eynəyi taxar. Palaza bürün, xalça muzeyinə sürün. El gücü, pul gücü. Müdrik söhbətlər çoxdur, hamısını niyə indi yazaq, onsuz bizi qarşıda 600-700 illik ömür gözləyir.
Yazını elə bu nikbin notlarla bitirirəm, sabah Bakıya göydən pul yağması gözlənilir, bunu da yadda saxlayın, kisələri hazır qoyun.
Zamin HACI