Medianews.az
Yeni sistem yaradılır:
72 baxış

Yeni sistem yaradılır: NƏZARƏT GÜCLƏNİR

Şanlıurfa və Kahramanmaraşdakı hadisələrdən sonra BTK uşaqların rəqəmsal təhlükəsizliyi üçün yeni bir paket hazırlayıb. Tənzimləmə ilə 18 yaşdan aşağı şəxslər üçün xüsusi “uşaq xətti” sistemi yaradılır. VPN istifadəsinə nəzarət gücləndiriləcək və bir nəfərin adına alına biləcək nömrə sayına məhdudiyyət qoyularaq təhlükəsizlik artırılacaq.

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Ajans.az-a müsahibəsində uşaqların internetdə təhlükəsizliyi və kontentə nəzarət məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Ekspert bildirib ki, VPN istifadəsinə tam qadağa qoymaq praktiki olaraq mümkün deyil. Onun sözlərinə görə, VPN-lər şifrələnmiş trafikdən istifadə edir və müasir texnologiyalar vasitəsilə adi internet trafiki kimi maskalana bilir. Bu səbəbdən yalnız müəyyən məhdudiyyətlər tətbiq etmək mümkündür.

“Populyar VPN serverlərinin bloklanması, mobil operator səviyyəsində məhdudiyyətlər və uşaqlar üçün xüsusi tariflərdə VPN istifadəsinin məhdudlaşdırılması kimi addımlar atıla bilər. Lakin tam nəzarət texniki baxımdan mümkün deyil, yalnız prosesi çətinləşdirmək olar”, – deyə o qeyd edib.

Kontentə nəzarət məsələsinə toxunan ekspert vurğulayıb ki, bu sahədə məsuliyyət müxtəlif tərəflər arasında bölüşdürülməlidir.

Onun sözlərinə görə, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər uşaqların istifadə etdiyi cihazlara nəzarət etməli, parental control proqramlarından istifadə etməli və uşaqlarda düzgün rəqəmsal davranış vərdişləri formalaşdırmalıdır.

Müəllimlərin rolu isə daha çox maarifləndirici xarakter daşıyır. Onlar şagirdləri kibertəhlükələr, fırıldaqçılıq halları və sosial şəbəkələrdəki risklər barədə məlumatlandırmalı, məktəbdə cihaz istifadəsi ilə bağlı qaydalar tətbiq etməli və şübhəli hallarda valideynləri məlumatlandırmalıdırlar.

Bizə qoşulun