Qazaxıstanda ötən il həyata keçirilən və ölkə tarixində ən böyük narkotik əməliyyatlardan biri sayılan 13 tonluq kokain işi üzrə məhkəmə prosesi başlayıb.
Medianews.az xəbər verir ki, Almatı şəhərində keçirilən məhkəmədə həbs olunan iki Türkiyə vətəndaşı ilk dəfə hakim qarşısına çıxıb.
Xatırladaq ki, ötən ilin sentyabrında Almatıda yerləşən bir anbara edilən basqın zamanı ümumilikdə 13 ton 183 kiloqram kokain aşkar edilərək müsadirə olunmuşdu. Əməliyyat nəticəsində anbarla əlaqəli olduğu bildirilən Türkiyə vətəndaşları O.M. və Y.U. saxlanılmışdı. Onları ömürlük həbs cəzası gözləyir.
Məhkəmədə ifadə verən təqsirləndirilən O.M. özünü təqsirsiz hesab etdiyini bildirib. O qeyd edib ki, anbardakı yüklərin narkotik olduğunu bilməyib və onları “kokos” kimi qəbul edib: “Mənə məhsulların Dominikan Respublikasından gəldiyini və Rusiya üzərindən daşınacağını dedilər. Mən onların kokos olduğunu düşündüm”.
İstintaq materiallarına görə, beynəlxalq narkotik şəbəkəsinin izi əvvəlcə Almaniyada aşkar edilib. Hamburq gömrüyünə daxil olan məlumat əsasında aparılan əməliyyat zamanı bərədə 450 kiloqram heroin ələ keçirilib. Bu marşrut üzərindən əldə edilən məlumatlar daha sonra Qazaxıstandakı iri əməliyyata gətirib çıxarıb.
Məhkəmədə O.M. bildirib ki, 2022-ci ildən Almatıda yaşayır və həyat yoldaşının adına şirkət quraraq ticarətlə məşğul olub. Onun sözlərinə görə, əvvəlcə anbarda saxlanılan məhsulların otaq ətirləri olduğu deyilib, daha sonra isə mərmər və kokos gətiriləcəyi bildirilib.
Təqsirləndirilən şəxs qutularda narkotik maddə olduğunu bilmədiyini, qablaşdırmanın xüsusiyyətlərinə şübhə ilə yanaşsa da, bunun qanunsuz fəaliyyətlə bağlı olduğunu düşünmədiyini iddia edib.
Məhkəmə qərarı ilə hər iki təqsirləndirilən şəxsin həbs qətimkan tədbiri qüvvədə saxlanılıb. İş üzrə araşdırmalar davam edir.
