Medianews.az
211 milyonluq dələduzluq: maliyyə direktoru həbs edildi -
101 baxış

211 milyonluq dələduzluq: maliyyə direktoru həbs edildi - VİDEO

İstanbulda fəaliyyət göstərən Danimarka mənşəli qablaşdırma şirkətinin Türkiyə filialında külli miqdarda dələduzluq faktı üzə çıxıb.

 Medianews.az xəbər verir ki, şirkətin maliyyə direktoru H.Y.-nin 211 milyon 150 min 349 türk lirəsi məbləğində vəsaiti mənimsədiyi iddia olunur.

Məlumata görə, şirkətin baş meneceri L.B. hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, H.Y. “məsləhət xidmətləri” adı altında yaradılan saxta şirkət vasitəsilə uzun müddət şirkətdən pul çıxarıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli 2023-cü ilin sentyabrında eyni şirkətin əməkdaşının adına “qabıq şirkət” quraraq guya xidmət göstərirmiş kimi ödənişlər alıb. Daha sonra isə həmin şirkətin səhmlərinin böyük hissəsini öz üzərinə keçirərək bu sxemlə fəaliyyətini davam etdirib.

İstintaq çərçivəsində ortaya çıxan digər detal isə diqqət çəkib. Belə ki, şirkətdə baş verənləri aşkar edən bir işçiyə susması üçün 200 min türk lirəsi maaş ödənildiyi iddia olunur.

Polisin keçirdiyi əməliyyat nəticəsində H.Y. ilə yanaşı, onunla əlbir olmaqda şübhəli bilinən R.S. və P.A.Ö. saxlanılıb. Şübhəlilərin mobil telefonlarında tutulacaqları təqdirdə necə ifadə verəcəklərinə dair hazırlıq videoları və yazışmalar da aşkarlanıb.

Toplanan sübutlar əsasında məhkəməyə çıxarılan hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasına göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.

 Medianews.az

Bizə qoşulun