Medianews.az
4 GÜN qaldı -
73 baxış

4 GÜN qaldı - Ermənistan "qutudan" çıxa biləcəkmi?

4 gün sonra Ermənistan özünün formal müstəqillik tarixində ən gərgin və taleyüklü seçkilərə gedəcək. Bunu Rusiya da bildiyi üçün özünə xas üsullarla əlindən gələni edir ki, vassal saydığı ölkəni öz orbitində saxlasın. Vəziyyətə əlavə ağırlıq yükü qatan həm də budur.

Seçkilərdə qələbə sözsüz ki, hər şeydən öncə erməni cəmiyyətinin Nikol Paşinyan komandasına Azərbaycan və Türkiyə ilə barışıq prosesinə davam izni demək olacaq. Legitimliyini təzələyən hakimiyyət yeni mandatla “ora-bura boylanmadan” daha inamlı hərəkət edə biləcək. O sırada xüsusən də Bakı ilə sülh müqaviləsinin, nəhayət, imzalanması üçün növbəti və daha cəsarətli addımların atılması gözləniləndir.

Söhbət ilk növbədə yeni konstitusiyanın qəbulundan gedir. Yada salaq ki, hökumət sənəd layihəsini bu ilin martında ictimailəşdirəcəyini vəd eləmişdi. Lakin yəqin ki, seçkilərdən dolayı cəmiyyətdə əlavə lüzumsuz gərginlik yaratmamaq naminə tarix ertələndi. Çünki başda Nikol Paşinyan olmaqla, bir sıra yüksək çinli erməni rəsmiləri təzə konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı hər hansı iddianın olmayacağını bəyan ediblər. Yeni “Əsas Qanun”un sırf sülh konstitusiyası olacağı və yalnız “real Ermənistan”a uyğun olacağını bildiriblər.

Seçkilərdəki qələbə, həmçinin, əksəriyyətin bu layihəyə “hə” deməsi mənasına gələcək ki, bu da Paşinyanın az sonra referendum qərarı verməsi ilə bitəcək. Doğrudur, referendumda seçkilərdən fərqli olaraq, nisbi yox, 50+1 iştirak tələb olunur. Böyük ehtimalla, iqtidar yetərsayı təmin edə biləcək. Hələliksə, 7 iyun “cəhənnəmini” adlamaq lazımdır...

Ermənistanda etiraz aksiyasında müxalifət öz namizədini irəli sürüb - BBC  News Azərbaycanca

Hakim partiyanın seçkilərdə qələbəsi, əlavə olaraq, erməni cəmiyyətinin Rusiyadan total asılılığa “yox” deməsi anlamını daşıyacaq. Ona görə ki, təzə konstitusiyanın qəbulu ilə Ermənistanın blokadası götürülmüş olacaq, Türkiyə və Azərbaycanın əlverişli bazarları Ermənistanın kənd təsərrüfatı məsulları və malları üçün açılacaq.

Yeri gəlmişkən, blokada və işğalçı siyasəti olmasaydı, indi Moskva erməni məhsullarına qadağa qoymaqla İrəvanı şantaj edə bilməzdi. Heç Gümrüdə rus hərbi bazasına da lüzum qalmazdı. Türkiyə ilə sərhədi indi “FSB” hərbçiləri qorumazdı. Rusiya qazını daha sərfəli (həm də çatdırma baxımından) Azərbaycan qazı əvəzləyərdi. Necə ki, qonşu Gürcüstan illərdir bu imkandan gen-bol faydalanır...

Yeri gəlib bunu da xatırladaq ki, hələ sabiq prezident Levon Ter-Petrosyanın dönəmində rəsmi Bakı Qarabağ məsələsində ədalətli və konstruktiv mövqe tutmağın qarşılığında Bakı-Ceyhan neft kəmərini daha əlverişli marşrut kimi Ermənistandan keçirməyi təklif eləmişdi. Alınsaydı, ardınca Bakı-Ərzurum qaz xətti də eyni istiqamətdə çəkiləcəkdi.

Ancaq Ter-Petrosyan özündən razı şəkildə “biz Qarabağı boruya dəyişmirik” demişdi. Bu da axırı. Odur ki, indi rusdan giley-güzar edən erməninin ağlı olsa, ən əvvəl keçmiş üç prezidentin – Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sərkisyanın yaxasından yapışar. Ən azından 7 iyunda onları və təmsil elədikləri blokları həmişəlik tarixin zibilliyə atarlar. “Ziyanın yarısından qayıtmaq da xeyirdir” deyiblər.

Yarısındanmı? Ümumiyyətlə, Ermənistan iyunun 7-də "qutudan" çıxa biləcəkmi? Bir şey qalmayıb...  

Z.SƏFƏROĞLU

Bizə qoşulun