Medianews.az
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi
61 baxış

Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anıldı

Dekabrın 25-də Ankaranın Sosial Elmlər Universitetində (ASBÜ) Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin müəllifləri olan görkəmli şairlər – Əhməd Cavad və Mehmet Akif Ərsoyun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

Tədbirin təşkilatçıları ölkəmizin Türkiyədəki səfirliyi, ASBÜ-nün rektorluğu və Əhməd Cavad adına Ankara İnstitutu olub.

Tədbirdə Ankaranın valisi Vasip Şahin, ASBÜ-nün rektoru, professor Musa Kazım Arıcan, Böyük Millət Məclisinin deputatları, diplomatlar, Türkiyə Yazıçılar Birliyinin nümayəndələri, alimlər, ekspertlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əhməd Cavadın və Mehmet Akif Ərsoyun həyat yoluna həsr olunmuş qısametrajlı filmlər nümayiş etdirilib.

Əhməd Cavad adına İnstitutun rəhbəri, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderinin baş müşaviri, professor Ruhi Ərsoy Azərbaycanın ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndələrindən olan, ömrünün son anınadək xalqın və bütün Türk dünyasının ideallarına sadiq qalmış Əhməd Cavad irsinin xüsusi əhəmiyyətini vurğulayıb.

İnstitutun rəhbəri Azərbaycan ziyalılığının görkəmli nümayəndəsinin yaradıcılığına yüksək qiymət verərək, məşhur “Qara dəniz coşurdu” mahnısının sözlərinin də onun qələminin məhsulu olduğunu qeyd edib.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli dövlət himnimizin sözlərinin müəllifini əsl vətənpərvər və ziyalı adlandırıb. Onun sözlərinə görə, Əhməd Cavadın və Mehmet Akif Ərsoyun yaradıcılığı Azərbaycanla Türkiyənin qardaşlığının rəmzi, iki xalqı birləşdirən körpüdür.

“Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində özünəməxsus üslubu ilə seçilən söz ustalarından biridir”, - deyə diplomat bildirib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi və ictimai xadim Əhməd Cavadın, həmçinin türk xalqının milli azadlıq mübarizəsinin fəal iştirakçısı, Türkiyənin Dövlət Himninin mətninin müəllifi Mehmet Akif Ərsoyun yaradıcılığının əhəmiyyəti barədə ASBÜ-nün rektoru, professor Musa Kazım Arıcan və Ankaranın valisi Vasip Şahin çıxış ediblər.

Daha sonra iki böyük maarifçi və şairin irsi və həyat yolu mövzusunda panel müzakirələr keçirilib.

Tədbirdə Əhməd Cavad və Mehmet Akif Ərsoyun yaradıcılığına həsr olunmuş fotosərgi təşkil edilib.

Bizə qoşulun