Medianews.az
Arif olanın sevgili cananı vətəndir...
137 baxış

Arif olanın sevgili cananı vətəndir...

Bu gün milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin doğum günüdür.

Medianews.az bildirir ki, Arif İmran oğlu Babayev 1938-ci il fevralın 20-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1962-1968-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb.

Əmək fəaliyyətinə hələ tələbə ikən – 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist olaraq başlayan Arif Babayev 1981-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləyib, 1984-2000-ci illərdə indiki Bakı Musiqi Akademiyasında muğam ixtisası üzrə dərs deyib, 2002-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasında professor və kafedra müdiri vəzifələrində çalışıb.

Arif Babayev 2025-ci il avqustun 1-də 88 yaşında vəfat edib.

Qarabağ xanəndəlik məktəbinin parlaq simalarından olan Arif Babayev Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr verib. O, sələflərinin sənət ənənələrini yaradıcılıqla davam etdirərək, özünəməxsus ifaçılıq dəst-xəti formalaşdırıb və bütün fəaliyyəti ərzində muğamın klassik ifa tərzinin qorunub saxlanmasında təqdirəlayiq xidmətlər göstərib. Məlahətli və zəngin çalarlı səs tembrinə malik sənətkar milli muğam sənətinin vokal formasına yeni nəfəs gətirməklə dinləyicilərin məhəbbətini qazanıb.

Arif Babayevin yüksək məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Segah”, “Çahargah”, “Rast”, “Şur”, “Bayatı-Şiraz” və digər muğamlar milli muğam sənətinin qızıl fonduna daxil olaraq Azərbaycanın musiqi sərvətləri xəzinəsini daha da zənginləşdirib. Xanəndənin xüsusi zövq və ustalıqla oxuduğu təsniflər və xalq mahnıları Azərbaycanın musiqi mədəniyyəti inciləri sırasında layiqli yer tutur. Arif Babayev uzun illər muğam operalarında əsas partiyaların ifaçısı kimi canlandırdığı yaddaqalan obrazlarla musiqi salnaməmizdə dərin iz qoyub. Onun dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərində yaratdığı Məcnun obrazı opera tariximizdəki ən unudulmaz ifalardandır.

Arif Babayev dünyanın müxtəlif ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyəti günlərində və beynəlxalq musiqi festivallarında milli mədəniyyətimizi uğurla təmsil edib, çıxışları ilə musiqimizi müxtəlif xalqların nümayəndələrinə sevdirməyi bacarıb. Uzun müddət pedaqoji fəaliyyət göstərən ustad xanəndə keçdiyi həyat və sənət yolu ilə örnək olub, ifaçıların bir neçə nəslinin mənsub olduğu böyük məktəb yaradıb. Muğamla bağlı gerçəkləşdirilən layihə və proqramlarda yaxından iştirakı Arif Babayevin ölkədə muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində apardığı səmərəli işlərlə vəhdət təşkil edirdi.

Arif Babayev milli musiqi mədəniyyətinin inkişafı sahəsində qazandığı mühüm nailiyyətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət”, 2008-ci ildə “İstiqlal” və 2018-ci ildə “Şərəf” ordenləri, 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2025-ci ildə Heydər Əliyev Mükafatı ilə təltif edilib.

Medianews.az

Bizə qoşulun