Bill Gates süni intellektin sürətlə yayıldığı bir dövrdə hələ də dəyişməyəcək üç peşəni açıqlayıb. Onun fikrincə, proqramlaşdırma, biologiya və enerji sahəsində çalışan mütəxəssislər süni intellekt tərəfindən əvəz olunmayacaq.
Milli.Az xəbər verir ki, Microsoft qurucusuna görə, süni intellekt bir çox sahədə işlərin avtomatlaşdırılmasına yardımçı ola bilər, lakin mürəkkəb təhlil, yaradıcılıq və texniki bilik tələb edən işlər hələ də insan müdaxiləsinə ehtiyac duyur. O, xüsusilə proqram təminatının hazırlanması, kodlaşdırma xətalarının düzəldilməsi və alqoritmlərin işlənməsi kimi kritik tapşırıqlarda insan iştirakının vacibliyini vurğulayıb.
Bill Qeyts qeyd edib ki, süni intellekt təkrarlanan və standart tapşırıqlarda yüksək effektivliyə malik olsa da, mürəkkəb və yaradıcı işləri tam əvəz edə bilməz. Bu səbəbdən proqram təminatı tərtibatçıları, bioloqlar və enerji mütəxəssisləri gələcəkdə də öz əhəmiyyətlərini qoruyacaqlar.
Eyni zamanda araşdırmalar göstərir ki, bank sektorunda işlərin təxminən 54%-i süni intellekt vasitəsilə həyata keçirilə bilər, lakin bunun miqyası məxfilik və təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq. Qeytsin qənaətinə görə, gələcəkdə bir çox sahələr transformasiyaya məruz qalacaq, amma bəzi ixtisaslarda insan töhfəsi hələ də əvəzolunmaz olaraq qalacaq.