Medianews.az
Bizdə də uşaqpulu veriləcək –
183 baxış

Bizdə də uşaqpulu veriləcək – “Nə vaxt” sualının cavabı yazının sonunda

“Uşaqpulu” mövzusunda mübahisələr artıq bezdirici olub. Bu söhbət bir neçə ildir səngimir və ictimai-siyasi ehtirasları coşdurmaqda davam edir.

Burası gün kimi aydındır: hökumət uşaqlara görə aillələrə müavinət vermək istəmir, qəti şəkildə bu təşəbbüsə qarşıdır.

Bunun əsas səbəbi odur ki, bu layihəni həyata keçirmək üçün böyük həcmdə vəsait lazımdır və bu xüsusda dövlətin əli bərkdir.

Uşaqlara görə müavinətin ailələrə verilməməsinin səbəblərini əsaslandıranlar bunu birbaşa direktiv əsasında etməsələr də, cəhdlərinin hakimiyyətə xoş gələcəyini bilirlər.

“Uşaqpulu davası” edənlərin bir xeylisi isə bu mövzunu hakimiyyətin “Axlles dabanı” sayır, bilirlər ki, bu tənqidə açıq zəif yerdir, oradan vurmaqla daha çox siyasi xal toplamaq olar.

Ona görə də neçə ildir bu mövzu sırf siyasi səbəblərdən gündəmdən düşmür.

Ancaq bu mübahisə lap onillərlə sürsə də, dəqiqdir ki, hökumət yaxın illərdə ailələrə uşaqpulu verməyəcək.

Uşaq müavinəti o vaxt veriləcək ki...

Bu yerdə 2018-ci və 2024-cü illərə aid iki demoqrafik məzmunlu cədvəl paylaşaq və sonra ailələrə “uşaqpulu”nun nə vaxt veriləcəyinə dair proqnoz verərik.

756389755412408.jpg (79 KB)

Bu cədvəllər keçmiş SSRİ-yə daxil olan 15 respublikada əhalinin artıb-azalma əmsalını göstərir.

2018-ci ildə sözügedən məkanda əhali artımı belə olub:

Burada nə görürük, nəzərəmizə ilk olaraq nə dəyir? Bəli, rəqəmlər və rənglər.

Yaşıl rənglər əhalisi artan respublikaları göstərir, qırmızı rənglər isə əhalisi azalan ölkələri ifadə edir.

Əhalisi artan ölkələr bunlardır: Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan. Hamısı Asiya, Şərq, türk-müsəlman ölkəsi.

Əhalisi azalanların hamısı isə SSRİ-yə daxil olan və coğrafi baxımdan Avropa qitəsinə aid olan respublikalardır: Rusiya, Belarus, Ukrayna, Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan və Ermənistan.

Şərq-müsəlman ölkələrinin əhalisinin artması, Avropa-xristian respublikalarının əhalisinin isə azalması təsadüfdürmü? Qətiyyən təsadüf deyil. Burada ciddi qanunauyğunluq və birmənalı tendensiya var.

Bu, o deməkdir ki, əhalisi artan 6 respublikada həm iqlim əlverişliliyi baxımından, həm də tarixi, milli-mədəni ənənələrə görə doğuş əmsalı həmişə yüksələn xətt üzrə olub. Heç bir iqtisadi sıxıntı, maddi çətinliklər, yeni doğulan uşaqlara dövlət qayğısının sıfırlanması bu ölkələrdə əhali artımını dayandırmayıb.

Eyni zamanda Avropa-xristian ölkələrində əhalinin azalması, doğum əmsalının aşağı düşməsi onu göstərir ki, bu 9 ölkənin əhalisi dövrün konyunkturasına tez uyğunlaşıblar, görəndə ki, müasir dövrdə çoxuşaqlı ailə olaraq yüksək rifah içində yaşamaq, vaxtlı-vaxtında istirahət etmək, komfort şərait yaratmaq, asudə həyat sürmək mümkün deyil, daha özlərinə problem yaratmayıblar, 1-2 uşaqla kifayətləniblər. Hazırda onlarda “çayldfri” (“uşaqsız həyat” ) deyilən bir hərəkat da var, birgə yaşayan (bir çox hallarda nikahsız) cütlüklər, ümumiyyətlə, uşaq istəmir, öz həyatlarını yaşayırlar.

artim.JPG (49 KB)

2024-cü ilə aid olan ikinci demoqrafik cədvəldə də mənzərə dəyişmir. Yenə müsəlman ölkələrdə əhali artımı yaşıl rəqəmlərlə (+) göstərilib, xristianlığa etiqad edən postsovet ölkələrində analoji göstərici isə qırmızı (-) rəqəmlərlə ifadə olunub.

Bu cədvəldə yalnız bir yanlışlıq var, o da Azərbaycana aiddir. 1991-ci ildə Azərbaycanın əhalisi heç də 5.4 milyon olmayıb, 7+ milyon olub. O vaxt mətbuatda sonuncu siyahıyaalmanın nəticələrinə istinadla məhz bu rəqəm təkrarlanırdı.

Yerdə qalan rəqəmlər doğrudur - həm artımlar, həm də azalmalar.

Bəli, özbəklər 20 milyondan artaraq 38 milyona çatıblar, ukraynalılar isə 52 milyondan 38-ə düşüblər. Biz müstəqillik dövründə 3,2 milyon artaraq 10 milyonu keçmişik, ermənilər isə 3,5 milyondan azalaraq 3 milyonun altına eniblər. Yerdə qalan göstəriciləri də cədvəldə görürsünüz.

Hazırda deyənlər var ki, sovet dövründə əhaliyə uşaqpulu verilirdi. Bəli, verilirdi. Çünki sovet dövlətinə ucuz işçi qüvvəsi, baş verəcəyi gözlənilən müharibədə qabağa vermək üçün milyonlarla əsgər lazım idi, ona görə də doğumu stimullaşdırırdı, müavinət də verirdi, hələ çoxuaşaqlı qadınları “qəhrəman ana” fəxri adıyla, medalla da təltif edirdi.

Hazırda da bir çox ölkələrdə hər doğulan uşağa görə ailələrə böyük məbləğli müavinət verirlər. Uşaqlar yetkinlik yaşına çatana qədər müavinət alırlar. Bunu o ölkələr edir ki, onlarda əhalinin azalması tendensiyası var (müəyyən istisnalar ola bilər).

İndilikdə Azərbaycanda əhalinin artması ilə bağlı problem yoxdur. Müasir alilərdə 5-6 uşaq olmasa da, 3 uşaqlı ailələr çoxdur və bu əhali artımının rəqəmini yaşıl edir. Biz hələ “çayldfri” düşüncəsində də deyilik. Bu gedişlə Azərbaycan əhaliyə uşaqpulunu o vaxt verəcək ki, əhali artmasın, azalmağa doğru meyllənsin. Bax, o zaman hökumət doğumu təşviq etmək üçün uşaqpulunu və sair müavinətləri verəcək, hətta artırdıqca artıracaq.

Xalid KAZIMLI

Bizə qoşulun