İsrailin Kiprə hərbi kontingent göndərməsi Şərqi Aralıq dənizində gərginliyi artırır.
Medianews.az xəbər verir ki, İsrail, Yunanıstan və Kipr Respublikası Şərqi Aralıq dənizində 2500 nəfərlik Birgə Operativ Reaksiya (Rapid Response Force) adlanan hərbi birləşmə yaradır. Plana əsasən, bu birləşmədəki şəxsi heyətin 1000 nəfəri İsrail hərbçilərindən ibarət olacaq. Daha 1000 nəfəri Yunanıstan, 500 nəfəri isə Kipr hərbçiləri hesabına formalaşdırılacaq.
Belə bir planın işə düşdüyü vaxtda İsrail vətəndaşlarının Kiprdə torpaq sahələri alması hallarının çoxaldığı barədə də məlumatlar yayılır.
Məsələni şərh edən türkiyəli professor Mehmet Hasgüler bildirib ki, Qərb ölkələri yunan Kiprini Avropa İttifaqına üzv etməklə Kipri avropalılaşdırmışdı: “İndi isə İsrailin təsiri artır və Kipr “israilləşməyə” başlayıb”.
Hasgüler qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə Kipr Respublikasının rəhbərliyi son illər müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığı xeyli gücləndirib. Bu prosesdə Yunanıstan da fəal iştirak edir.
Türkiyənin ehtiyatda olan admiralı Cihat Yaycı deyib ki, Kiprin İsraillə yaxınlaşması Türkiyənin milli təhlükəsizliyi üçün risk yaradır. Onun sözlərinə görə, ada faktiki olaraq Türkiyə əleyhinə hərbi dayaq məntəqəsinə çevrilir.
Məlumatlara görə, İsrail vətəndaşları Kiprdə kütləvi şəkildə torpaq sahələri alırlar və bəzi rayonlarda əsasən israillilərin yaşadığı məntəqələr formalaşır. Ekspertlər bunun gələcəkdə daha ciddi problemlərə səbəb ola biləcəyini vurğulayırlar.