UEFA Çempionlar Liqasının 2026-2027 mövsümünün sxemində yenilik var.
Medianews.az bildirir ki, Macarıstan, Rumıniya, Bolqarıstan, Azərbaycan, İrlandiya, Moldova, İslandiya, Bosniya, Ermənistan, Latviya, Kosovo, Finlandiya, Qazaxıstan, Farer adaları, Malta, Şimali İrlandiya, Litva, Estoniya, Albaniya, Monteneqro, Lüksemburq, Uels, Gürcüstan, Şimali Makedoniya, Belarus, Andorra, Cəbəllütariq, San Marino çempionları turnirə birinci mərhələdən başlayır.
İkinci mərhələnin çempionlar yolunda Polşa, Danimarka, İsveçrə, İsrail, Kipr, İsveç, Xorvatiya, Serbiya, Slovakiya, Sloveniya çempionları, liqalar yolunda Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşanın gümüş medalçıları start götürür.
Üçüncü mərhələnin liqalar yoluna Fransa çempionatının dördüncüsü, Niderlandın bürünc medalçısı, Portuqaliya, Belçika və Çexiyanın gümüş medalçıları buraxılır.
Dördüncü mərhələnin çempionlar yolunda Norveç, Yunanıstan, Avstriya, Şotlandiya çempionları yer alır.
İngiltərə və İspaniyadan 5, İtaliya və Almaniyadan 4, Fransadan 3, Niderlanddan 2, Portuqaliya, Belçika, Çexiya, Türkiyə və Ukraynadan 1 komanda rəqibləri liqa mərhələsində gözləyəcək.
Avropa Liqasının 2025-2026 mövsümünün qalibi də liqa mərhələsində start götürür, ancaq həmin komanda turnirə ölkə çempionatının nəticəsinə görə çıxsa, sxem dəyişəcək.
Avropa Liqasının 2025-2026 mövsümünün finalı mayın 20-də keçiriləcək: “Frayburq” – “Aston Villa”. Sxemin yenilənməsi üçün “Aston Villa” qalib olmalıdır.
Birinci mərhələdə ələnənlər Konfrans Liqasına, qalan mərhələlərdə ələnənlər Avropa Liqasına köçəcək.
36 komandalıq liqa mərhələsində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala vəsiqə alacaq.
1955-ci ildən keçirilən, 1992-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus”, “Portu” və “Çelsi” 2, “Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Mançester Siti” və PSJ 1 titula sahibdir.