Nikol Paşinyan və rəhbərlik etdiyi hakim komandanın üzvləri hələ ötən illərdə Azərbaycanla sülh imzalamağa hazır olduqlarını bildirirdilər. Amma hər dəfə onlara Azərbaycan Prezidentinin əsas şərti xatırladılırdı.
Dövlətimizin başçısı bildirmişdi ki, “Ermənistan konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik”. Buna baxmayaraq, Azərbaycan Prezidenti artıq Ermənistanla Azərbaycan arasında sülhün əldə edildiyini, Vaşinqton Zirvə Görüşündəki razılaşmaların, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanmasını de-fakto sülh adlandırırdı. Eyni zamanda bir daha qeyd edib ki, bunun formal tərəfi Ermənistandan asılıdır. Yəni “Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq”.
Lakin buna baxmayaraq, Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinin seçkilərə qədər imzalanmasını gündəliyinə daxil etmişdi. Paşinyan hakimiyyəti ölkə konstitusiyasına dəyişikliklə bağlı referendumu seçkilərdən sonra keçirmək niyyətində olduğunu bildirərək iddia edirdi ki, guya konstitusiyaya dəyişiklik olmadan da sülh sazişini imzalamaq üçün heç bir problem yoxdur. Absurd yanaşma…Sən ən azı iki qonşu ölkəyə ərazi iddiasını konstitusiyanda saxla, amma de ki, gəlin sərhədləri açaq, ticarətə başlayaq, gedək, gələk…Məntiqlə, yenidən toparlanaq, güclənək və konstitusiyadakı ərazi iddialarına əsaslanıb, yenidən hücuma keçək! Ermənistana inanıb, etibar etmək üçün heç bir əsasımız yoxdur! Tarix boyunca bu toplum həm Osmanlı imperiyasına, həm Türkiyəyə, həm də Azərbaycana xəyanət edib, özü də dəfələrlə, süfrəmizin başında oturub, amma kürəyimizə xəncər vurub! İndi Paşinyan inandırmaq istəyir ki, yox e, biz o haylardan deyilik, “real hayıq”. Bunu o adam deyir ki, hakimiyyətə yeni gəldiyi zaman Azərbaycan Prezidenti ilə görüşəndən, sülh müzakirəsi aparandan bir neçə ay sonra “Qarabağ Ermənistandır. Nöqtə” dedi. Daha sonra Tovuz istiqamətindən hücum, yeni ərazilər uğrunda xain təxribatlar, minlərlə qəhrəmanımızın, günahsız mülki vətəndaşlarımızın şəhid olmasına səbəb olan işğalçı müharibənin başında duran birisi deyir. Ona necə inana bilərik?! Bu barədə dövlətimizin başçısı da bir neçə dəfə fikrini bildirib. Bir də ki, söhbət inamdan da getmir, beynəlxalq hüquq var, əvvəlcə əsas qanundan ərazi iddialarını çıxar, sonra sözünü de!
Hələ 2025-ci ilin martında Baş nazir Nikol Paşinyan demişdi ki, Ermənistan 2027-ci ildə Yeni Konstitusiya ilə bağlı referendum keçirə bilər. Martın 13-də Azərbaycan və Ermənistan sülh sazişinin mətninin tam razılaşdırılıb başa çatdırılmasını elan etmişdi. Prezident İlham Əliyevin irəli sürdüyü sülh şərtlərini qəbul etdikdən sonra Paşinyan bu barədə açıqlamalar vermişdi. Amma…
Budur, parlament seçkilərində iştirak edən erməni seçicilərinin 40 faizdən çoxu revanşist gündəmə malik siyasi qüvvələrə səs verdi. Bird aha aydın oldu ki, Ermənistan cəmiyyəti hələ də sülhə hazır deyil və fürsət gözləyir. Belə olduğu təqdirdə, Vaşinqtonda paraflanmış sülh müqaviləsinin imzalanması nəyi dəyişəcək? Ermənistan əhalisinin təqribən yarısı sülhə hazır deyil və üstəlik, Paşinyanın partiyası imzalanacaq sülhün parlamentdə ratifikasiyasını həyata keçirə bilməyəcək, kifayət qədər səs çoxluğuna malik olmadığı üçün. Deməli, Paşinyana sadəcə 7 iyun seçkilərində hakimiyyətini daha 5 il davam etdirmək üçün qələbə lazım imiş, amma o, referendum keçirib də, onun nəticələrini parlamentdə təsdiqləyəcək qədər mandatı özü də arzulamırmış. Seçkilərə bir neçə gün qalmış İrəvanda hərbi parad keçirməsi faktı Paşinyanın nə qədər “sülhpərvər” olduğunu göstərmişdi əslində...
Xatırlatmaq yerinə düşər, Prezidentin köməkçisi Elçin Əmirbəyov vaxtilə “Azərbaycan Paşinyanla deyil, Ermənistanla sülh imzalamaq istəyir” söyləmişdi. Bu mövqe həm də Paşinyanın qeyr-stabil mövqeyə sahib şəxs olmasından qaynaqlanır. Diqqət edin, Azərbaycan konkret maddələrə istinad edərək Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmaması halında imzalanacaq sülh sazişinin heç bir mənasının olmayacağını bəyan edir, amma Paşinyan müxəlif bəhanələr uydudur.
Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edildiyi, 1990-cı il Müstəqillik Bəyannaməsi tam olaraq Ermənistan Konstitusiyasına daxil edilmədiyi və bu iki sənədin məzmunu guya eyni olmadığını deyən də Nikol Paşinyandır. Hansı ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında da bu müddəya istinad mövcuddur. Üstəlik, Azərbaycanla yanaşı, Türkiyənin vilayətlərinə iddia olunur, “Qərbi Ermənistan” kimi təqdim olunaraq…Daha ərazi iddiası necə olur? Ərazi iddiasının buynuzumu olur?!
Nikol Paşinyan ölkəsinin “xalq tərəfindən hazırlanacaq” yeni konstitusiyaya ehtiyacı olduğunu da bildirmişdi. Budur Paşinyanın xalqı, tən yarısı Köçəryan kimi caniyə, Karapetyan kimi “rusun adamı”na səs verdi! İndi onlarmı hazırlayacaq yeni konstitusiyanı?!
Yekun nəticələrə görə, Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası 726.818 (ümumi səslərin 49.7456 faizi) səs qazanıb. Rusiyalı erməni milyarder Samvel Karapetyanın başçılıq etdiyi “Güclü Ermənistan” alyansı 340.006 səs (23.271 faiz), eks-prezident Robert Köçəryanın baş nazirliyə namizədliyini irəli sürmüş “Ermənistan” bloku isə 144.983 səs (9.9231 faiz) əldə edib. “Vətəndaş Müqaviləsi”nin yeni konstitusiya ilə bağlı qərar verməsi, sülhü ratifikasiyası üçün azı 70 mandatı olmalıdır. Ölkə boyunca kütləvi repressiyaları davam etdirən, rəqiblərinə evindən və ölkədən çıxmaq imkanı verməyən Paşinyan asanlıqla 6-7 mandatı da özü üçün təmin edə bilərdi. Amma etmir, çünki Rusiyadan təlimat alıb: Çar Rusiyasının təbəəliyini qəbul etmiş erməniçiliyi əsaslarını bundan artıq sarsıtmamaq, sülh sazişini özbaşına imzalamamaq, “KQB”-nin ssenarisi əsasında çatılmış separatizm ocağının söndürülməsinin hüquqi əsaslarının konstitusiyadan çıxarılmasına yönəlik addımlar atmamaq üçün...Paşinyan və komandası yenə də vaxt qazanmaq istəyir, öz hakimiyyətini sürüb, məqamı gələndə Azərbaycana pisliklər etsin və lap çətin anda aradan çıxsın. Heç şübhəsiz, iyunun 14-də Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən işgüzar görüşdə məhz dövlətimizin prinsipial mövqeyi, həmçinin sülh şərtləri bir daha Ermənistan tərəfin diqqətinə çatdırılıb. Əslində buna işarələr yayılan məlumatda da yer alıb. Rəsmi açıqlamada bildirilir ki, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar. Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edib, növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.
Seçkilərin rəsmi nəticələrinin elan olunduğu saatlarda keçirilən Dilican görüşü əslində Ermənistan hakimiyyəti ilə yanaşı, revanşist qüvvələrinə də Bakının ciddi xəbərdarlığı sayıla bilər. Ermənistan hakimiyyətinin təmsilçiləri etiraf edirlər ki, Ermənistanın təhlükəsizliyinin təminatı Azərbaycana məxsusdur. Deməli, sülh olacaqsa, təhlükəsizlik olacaq. Eyni zamanda Dilican görüşü seçkilərin nəticələrinə küçələrdə etiraz etmək istəyən qüvvələri düşünməyə vadar etdi. Bu, həm də Paşinyan üçün xəbərdarlıq idi ki, ağlına qara-qura fikirlər gətirməsin, ev tapşırıqlarını gecikmədən icra etsin: Zəngəzur dəhlizindən tutmuş, yeni konstitusiyaya, Qərbi azərbaycanlıların ləyaqətli qayıdışını təmin etməyə qədər! Qərbi Azərbaycanın bir parşası olan Dilicanda keçirilən görüş həm də bu demək idi! Odur ki, seçkilər bitsə də, Paşinyan üçün gerisayım indi başlayır. Regionun lider dövləti “qum saatı”nı işə salıb, sülh prosesinin başa çatması üçün şərtlərə əməl olunmalıdır! Bu şərtləri irəli sürən “Dəmir Yumruq” sahibidir, unutmasınlar!
Elşad Paşasoy