Çadın şərqində əkinçilərlə çobanlar arasında baş verən toqquşmalar nəticəsində azı 11 nəfər həlak olub.
Hadisə Şərqi Mayo-Kebi əyalətinin Kim rayonunda yerləşən bir neçə kənddə qeydə alınıb. Münaqişəyə səbəb mal-qara sürüsünün əkin sahələrinə ziyan vurması olub.
Məlumata görə, qarşıdurma zamanı daha beş nəfər yaralanıb. Bundan əlavə, bir neçə kənddə evlərə od vurulduğu bildirilir.
Qeyd edək ki, Çadda torpaq və otlaq sahələri üstündə əkinçilərlə çobanlar arasında münaqişələr tez-tez baş verir. Ölkənin İctimai Təhlükəsizlik və Miqrasiya Nazirliyinin son məlumatına əsasən, 2024–2025-ci illər ərzində baş verən oxşar toqquşmalar nəticəsində 3018 nəfər ölüb, 3015 nəfər isə yaralanıb./AZƏRTAC