Medianews.az
Estetik əməliyyat faciəsi –
71 baxış

Estetik əməliyyat faciəsi – 27 yaşlı qadın öldü

Braziliyada “Brazilian Butt Lift” (BBL) kimi tanınan omba böyütmə əməliyyatı növbəti dəfə faciə ilə nəticələnib.

Medianews.az xəbər verir ki, Belo Horizontedə yaşayan 27 yaşlı Barbara Laura Souza Fliks estetik əməliyyat zamanı həyatını itirib.

Gənc qadın qarnından və kürəyindən götürülən yağların omba nahiyəsinə yeridilməsi proseduru üçün özəl klinikaya müraciət edib. Əməliyyat zamanı isə onun vəziyyəti qəfil ağırlaşıb.

Məlumata görə, tibbi müdaxilə zamanı həkimlər xəstənin ağciyər ventilyasiyasında ciddi azalma müşahidə ediblər. Bir müddət sonra Barbara Laura Souza Fliksin ürəyi dayanıb. Həkimlər onu təxminən bir saat həyata qaytarmağa çalışsalar da, bütün cəhdlər nəticəsiz qalıb.

İlkin ehtimallara görə, ölümə səbəb yağ emboliyası olub. Hadisə Belo Horizontedə yerləşən Instituto Mineiro de Obesidade adlı özəl klinikada baş verib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb, meyit isə ekspertiza üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Barbara Laura Souza Fliksin yaxınları onun heç bir xroniki xəstəlikdən əziyyət çəkmədiyini bildiriblər. Satış məsləhətçisi kimi çalışan gənc qadının subay və övladı olmadığı qeyd olunur.

Ailə üzvləri əməliyyatın gedişi və prosedurun müddəti ilə bağlı bir sıra sualların cavabsız qaldığını deyərək araşdırmanın şəffaf aparılmasını tələb ediblər.

Əməliyyatı həyata keçirən həkimin Pablo Menegetti olduğu bildirilir. Lakin nə klinika, nə də həkim hadisə ilə bağlı geniş açıqlama verib.

Diqqət çəkən başqa bir məqam isə 2021-ci ildə eyni klinikada 39 yaşlı bir qadının da oxşar səbəbdən – ağciyər emboliyasından həyatını itirməsi olub.

Qeyd edək ki, “Brazilian Butt Lift” əməliyyatı dünyada ən riskli estetik prosedurlardan biri hesab olunur. Beynəlxalq plastik cərrahiyyə təşkilatlarının məlumatına görə, bu əməliyyatlarda ölüm riski digər kosmetik müdaxilələrlə müqayisədə daha yüksəkdir.

Medianews.az

Bizə qoşulun