Medianews.az
Estetik əməliyyatdan sonra ölüm:
89 baxış

Estetik əməliyyatdan sonra ölüm: Kameralar həqiqəti üzə çıxardı

Türkiyənin İzmir şəhərində omba böyütmə əməliyyatından sonra həyatını itirən 59 yaşlı Melike Çiftçinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

Medianews.az xəbər verir ki, Karşıyaka Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində əməliyyatı həyata keçirən həkim də daxil olmaqla altı nəfər barəsində ittiham irəli sürülüb.

Hazırlanan ittihamnamə məhkəmə tərəfindən qəbul edilib.

İttihamnaməyə əsasən, Melike Çiftçi ötən il Karşıyaka rayonunda keçirdiyi omba böyütmə prosedurundan sonra yağ emboliyası səbəbindən vəfat edib. Bildirilir ki, əməliyyat tibbi standartlara cavab verməyən, əməliyyat otağı olmayan və lazımi icazələri olmayan bir təlim mərkəzində aparılıb.

Prokurorluq əməliyyatı həyata keçirən həkim Ö.Ö. və müəssisənin sahibi olan qardaşı K.Ö. barəsində “şüurlu səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq” maddəsi ilə 2 il 8 aydan 9 ilə qədər həbs cəzası istəyib.

Bundan başqa, müəssisənin dörd əməkdaşı “cinayətkarı gizlətmək” ittihamı ilə 6 aydan 5 ilə qədər həbs cəzası ilə üz-üzədir.

İş materiallarına əlavə edilən təhlükəsizlik kamerası görüntülərində Melike Çiftçinin müəssisəyə daxil olduğu, vəziyyəti pisləşdikdən sonra işçilər tərəfindən çölə çıxarıldığı və avtomobilə mindirildiyi əks olunub. İstintaq zamanı işçilərin ziddiyyətli ifadələr verdiyi və hadisəni gizlətməyə çalışdığı bildirilib.

Məlumata görə, həmin həkim daha əvvəl də İstanbulda omba böyütmə əməliyyatından sonra həyatını itirən Kübra Boyrazın ölümü ilə bağlı mühakimə olunub. Ö.Ö.-nin həmin iş üzrə “səhlənkarlıqdan ölümə səbəb olmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edildiyi qeyd olunub.

Faktla bağlı məhkəmə araşdırması davam edir.

Medianews.az

Bizə qoşulun