"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.
Medianews.az xəbər verir ki, klubdan Oxu.Az-a verilən açıqlamada FIFA-nın müvafiq portalında yaranan məhdudiyyətin texniki gecikmə ilə bağlı olduğu bildirilib.
Qeyd olunub ki, transfer ödənişi gecikdiyi zaman FIFA sistemi klubu avtomatik şəkildə "qırmızı siyahı"ya daxil edir və transfer qadağası tətbiq olunur:
"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qalxır".
Açıqlamada ödənişin klub tərəfindən həyata keçirildiyi vurğulanıb:
"Qarşı tərəf ödənişi təsdiqlədikdən sonra maksimum 3-5 gün ərzində transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".
FIFA "Neftçi"yə transfer qadağası qoyub.
Medianews.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Yuri Vernidubun rəhbərlik etdiyi kluba transfer qadağası qarşıdakı üç "transfer pəncərəsi" dönəmində qüvvədə olacaq.
Qadağa 5 may 2026-cı ildə qüvvəyə minib.
Qərarın konkret səbəbləri hələ açıqlanmayıb.
Qeyd edək ki, siyahıda "Neftçi"dən başqa, Türkiyənin "Antalyaspor", Misirin "Zamalek", Rumıniyanın "CFR Kluj" və bir sıra digər klublar da yer alıb.