Ermənistanda kritik seçkilərə 10 gün qaldı. Ancaq seçki sanki bu ölkədə yox, qonşu Rusiyada keçirilir və taleyi həll olunan da Nikol Paşinyan iqtidarı yox, Putin rejimidir.
Hər halda gerçək belə ki, səsvermə ərəfəsi Rusiyadan Paşinyan komandasının ünvanına hədə, təhdid-təqdir səsləndiməyən ali və yüksək rütbəli rəsmi, məmur, ekspert faktiki qalmayıb. Şantajın dozası getdikcə artır ki, azalmır...
Bəs Rusiya nankor hesab etdiyi Ermənistanı, misal üçün, qazla “boğmağa” qalxarmı? Qalxar. Amma ola bilsin, Paşinyan partiyasının 7 iyun seçkilərində qələbəsindən sonra buna getsin. Bəs eyni məqsədlə Ermənistanla imzalanmış qaz müqaviləsindən birtərəfli qaydada necə, çıxarmı? Çıxar.
Çünki bu, verdiyi yazılı vədə asanca tüpürən Rusiya. Təzəlikcə hansısa rusun xaricdə həbsinə görə başqa ölkəyə ordu yetirmək barədə absurd qanun qəbul edib beynəlxalq hüququ heçə sayan aqressiv bir dövlət. Yeri gəlmişkən, digər dövlətlər, misal üçün, ABŞ, Çin Almaniya, Yaponiya da analoji qanun qəbul eləsə, dünyanın axırı necə olar? Yaxud bir çinlinin həbsinə görə Pekin Moskvaya müharibə elan eləsə. Hələ ABŞ-ni demirik...
Mətləbdən uzaqlaşmaq.
Deyirlər, özünə rəva bilmədiyini gərək başqasına da görməyəsən. Tutaq ki, Ermənistan da cavab tədbiri kimi birtərəfli qaydada Gümrüdəki 102 nömrəli hərbi baza haqda müqavilədən çıxdı, Putinin xoşuna gələr?
Məntiqlə də, əgər sən qaz müqaviləsindən kefin istədiyin vaxt çıxarsan, erməni də Gümrü hərbi bazası ilə bağlı anlaşmanı tərk edib onu qüvvədən salar. 2047-ci ili gözləməz. Uduzan kim olar onda?
Əlbəttə, ən çox Rusiya. Ona görə ki, Ermənistan hansısa şəkildə təbii qaza alternativ tapar. Bəd ayaqda qonşu Azərbaycan da müəyyən şəkildə köməyə gələr. Amma rus hərbçilərinin Ermənistandan çıxmasını Moskva heç nə ilə əvəzləyə bilməz və bu onun üçün şok effekti yaradar, nədən ki, o halda Ermənistan Rusiyanın orbitindən tamamən çıxmış olar. Özü də lazım gələrsə, Nikol Paşinyan qərarı referendumla təsdiqlədər...
Bu və digər səbəbdən Kremlin belə sərt qərarları özündə “bumeranq effekti” daşıdığı üçün inandırıcı görünmür. Daha bir səbəbə: belə qadağa və “qazlı” cəzalar erməni toplumunda Rusiyaya nifrəti daha da körükləyəcək.
Həmçinin, Ermənistanın Avrasiya İqtisadi Birliyindən İrəvanın razılığı olmadan xaric edilməsi ilə bağlı təhdidlər daha çox “xox” gəlmək üçündür. Üstəlik, Ermənistan bu qurumun təsisçilərindəndir. Təsisçi birlikdən onun izni olmadan necə kənarlaşdırıla bilər görəsən?..

Daha diqqətçəkici odur ki, Paşinyan Kremlin bunca təzyiqindən heç də təlaş keçirənə oxşamır. Əksinə, Ermənistan Baş naziri dünən Abovyan şəhərindən Rusiyaya az qala, meydan oxuyub. Oradakı mitinqdə çıxış edən Paşinyan “ölkəsinin artıq tək bir marşrutdan, müttəfiqdən və ya enerji mənbəyindən asılı olmaq niyyətində olmadığını” xüsusi vurğulayıb.
Ardınca bildirib ki, Ermənistan Qərb-Şərq dəmir yolu marşrutları, Axalkalaki-Qars xətti və Azərbaycandan keçən dəmir yolu sayəsində artıq əlavə nəqliyyat imkanları əldə edib. Baş nazir habelə, TRIPP layihəsinin (Zəngəzur dəhlizi) işə salınması və Ermənistan ərazisindən qaz kəməri çəkilişi planlarından danışıb. Qeyd edib ki, ölkəsi qazın bir hissəsini tranzit haqları qarşılığında alacaq. Sitat: “Bu tranzit vasitəsilə öz qazımız olacaq. Bu tranzit üçün bizə qaz ödəniləcək”.
Bundan əlavə, o, xatırladıb ki, İrəvan Avrasiya İqtisadi Birliyində iştirakını davam etdirməklə yanaşı, bunu Avropa standartlarına uyğun islahatlarla birləşdirmək və alternativ enerji kursunu fəal şəkildə inkişaf etdirmək əzmindədir. “Seçim vaxtı gələndə Ermənistan xalqı bu seçimi edəcək” – bunu da Paşinyan bəyan edib.
Necə deyərlər, əlavə şərhə yer qalmır. Bircə bu cümlədən başqa: iyunun 7-dən sonra həqiqətən bizi erməni mövzusunda maraqlı günlər gözləyir...
Z.SƏFƏROĞLU