Medianews.az
Gürcüstan Azərbaycandan qaz
106 baxış

Gürcüstan Azərbaycandan qaz idxalını artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 1,118 milyard kubmetr təbii qaz (qaz halında) 132,1 milyon ABŞ dolları dəyərində ixrac olunub.

Medianews.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı “2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,6 milyon ABŞ dolları və ya 8,7 faiz, həcm ifadəsində isə 123 milyon kubmetr və ya 12,4 faiz artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan 8 ölkəyə 8,416 milyard kubmetr təbii qazı 2,536 milyard ABŞ dolları dəyərində ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon ABŞ dolları və ya 17,3 faiz az, həcm ifadəsində isə 256 milyon kubmetr və ya 3,1 faiz çoxdur.

Bundan əlavə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan bir ölkədən — İran İslam Respublikasından 168 milyon kubmetr təbii qazı 11,307 milyon ABŞ dolları dəyərində idxal edib. Ötən ilin yanvar-aprel aylarında Azərbaycandan İrana təbii qaz ixracına dair məlumat açıqlanmayıb.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak məqsədilə Azərbaycana səfəri çərçivəsində tərəflər Gürcüstana təbii qaz tədarükünü, eləcə də Azərbaycan qazının əlavə həcmlərinin beynəlxalq bazarlara tranzitini nəzərdə tutan bir sıra hökumətlərarası sazişlər imzalayıblar.

Gürcüstan hökumət başçısının sözlərinə görə, əldə olunan razılaşmalar ölkənin iqtisadi inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və Gürcüstanın tranzit funksiyasının daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

İ.Kobaxidze qeyd edib ki, danışıqlar nəticəsində tərəflər qazın tədarükü və tranziti üzrə, o cümlədən zəruri həcm və tədarük şərtlərinin razılaşdırılması sahəsində qarşılıqlı faydalı razılaşmalara nail olublar. O, həmçinin Azərbaycanla Gürcüstan arasında təbii qazın alınmasına dair 20 illik sazişin müddətinin daha 20 il uzadıldığını bildirib və bunun ölkənin uzunmüddətli enerji təhlükəsizliyinin təminatı üçün mühüm amil olacağını vurğulayıb.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze Trend-ə müsahibəsində enerji sistemlərinin sabitliyi və dayanıqlığının təmin olunması baxımından regional enerji əməkdaşlığının və qarşılıqlı bağlantıların əsas rol oynadığını bildirib.

“Belə əməkdaşlıq formatları ölkələrə xarici şokların təsirini daha effektiv şəkildə aradan qaldırmağa, müstəqil qərar qəbul etmə qabiliyyətini qorumağa və enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verir. Gürcüstan üçün prioritet istiqamət enerji təhlükəsizliyinin gücləndirilməsidir və bu, təkbaşına təmin oluna bilməz, o cümlədən Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə sıx əməkdaşlıq tələb edir. Gürcüstan və Azərbaycan, xüsusilə qış dövründə təbii qaz və elektrik enerjisi təchizatı sahəsində uzunillik tərəfdaşlardır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycan, Rumıniya və digər Avropa ölkələri ilə Cənubi Qafqazla Avropa arasında enerji əlaqələrinin gücləndirilməsi və bağlantıların inkişafına yönəlmiş regional enerji təşəbbüsləri çərçivəsində fəal əməkdaşlıq edir./Trend

Bizə qoşulun