Medianews.az
Hansı qidalar diqqəti zəiflədir?
132 baxış

Hansı qidalar diqqəti zəiflədir?

Avstraliyalı alimlər müəyyən ediblər ki, ultraemal olunmuş qidaların hətta orta səviyyədə qəbulu belə diqqətin zəifləməsi və informasiyanın emal sürətinin azalması ilə əlaqəlidir.

Məlumata görə, araşdırmanın nəticələri “Alzheimer's & Dementia: Diagnosis Assessment & Disease Monitoring” jurnalında dərc olunub.

Tədqiqatda demensiya əlamətləri olmayan 2100-dən çox Avstraliya sakini iştirak edib. Alimlər iştirakçıların qidalanma vərdişlərini diqqət və düşünmə sürətini ölçən koqnitiv testlərin nəticələri ilə müqayisə ediblər. Nəticələr göstərib ki, gündəlik rasionda ultraemal olunmuş qidaların payı artdıqca diqqət göstəriciləri aşağı düşür.

Ultraemal olunmuş qidalara müxtəlif qatqılar — dadlandırıcılar, stabilizatorlar, dad gücləndiricilər və digər texnoloji komponentlər əlavə edilərək sənaye üsulu ilə dərin emaldan keçirilmiş məhsullar daxildir. Bu kateqoriyaya qazlı şirin içkilər, çipslər, fastfud və hazır yeməklər aid edilir.

Tədqiqat müəlliflərinin hesablamalarına görə, bu cür qidaların gündəlik rasiondakı payının cəmi 10 faiz artması (təxminən bir paket çips qədər) belə diqqətin zəifləməsi ilə əlaqələndirilir. Maraqlıdır ki, bu təsir ümumi qidalanma keyfiyyətindən asılı olmayaraq müşahidə olunub. Yəni nisbətən sağlam qidalanan insanlarda belə ultraemal məhsulların yüksək payı mənfi təsir göstərir.

Alimlər bildirirlər ki, bu əlaqə yalnız faydalı qidaların çatışmazlığı ilə izah edilmir. Ehtimal olunur ki, əsas rol qidanın emal səviyyəsinə aiddir. Emal prosesi məhsulun strukturunu dəyişdirə və beyin fəaliyyəti üçün potensial zərərli maddələrin yaranmasına səbəb ola bilər.

Araşdırmada yaddaşın zəifləməsi ilə bağlı konkret əlaqə aşkarlanmasa da, mütəxəssislər diqqətin öyrənmə, qərarvermə və gündəlik fəaliyyət üçün əsas koqnitiv funksiyalardan biri olduğunu vurğulayırlar.Demokrat.az

Bizə qoşulun