Medianews.az
Hüzrə getmək istəyən məhkum:
182 baxış

Hüzrə getmək istəyən məhkum: kimlərə icazə verilir?

Qanun məhkumları yaxınlarının hüzr məclislərinə buraxmaq imkanı verir.

Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunaraq ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanan məhkumlara yaxın qohumlarının ölümü ilə əlaqədar cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər.

Belə icazəni cəzaçəkmə müəssisəsinin müdiriyyəti Ədliyyə Nazirliyi ilə razılaşdırıb verir.

Təcrübədə necədir? Məhkumlar bu hüquqdan istifadə edə bilirlərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan vəkil Elçin Sadıqov bildirir ki, bu hüquqdan hər məhkum istifadə edə bilmir: “Əvvəla, belə hüququnun olduğunu bilməyən məhkumlar var. İkincisi, Cəzaların İcrası Məcəlləsi hüzrdə iştirak hüququnu heç də bütün məhkumlara şamil etmir. Üçüncüsü, məcəllə bu hüququn şamil olunduğu məhkumlara da rədd cavabı verilməsinə əl yeri qoyur.

Müşahidələrimə görə, müdafiəçisi olan məhkumlar hüzrdə iştiraka daha asan icazə ala bilirlər. Çünki onlar hüzr düşəndə lazımi qurumlara vaxtında müraciət edirlər.

İcazənin verilib-verilməməsini əsasən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həll edir. Təbii ki, hər zaman müsbət cavab gəlmir, imtina halları da olur.

Məhkumların yas mərasimlərində iştirakına ən çox dəstək verən qurum isə Ombudsman Aparatıdır. Bu qurum da yardımı yalnız səlahiyyətləri çərçivəsində göstərə bilir.

İcazə alan məhkumlar hüzr mərasimlərinə Penitensiar Xidmət əməkdaşlarının müşayiəti ilə gedirlər. Qısa müddətli səfər zamanı məhkumlara müəyyən məhdudiyyətlər qoyulur. Tutalım, konkret ərazini tərk etməmək, telefondan istifadə etməmək kimi məhdudiyyətlər olur”.

Vəkil Rəsul Cəfərov da Medianews.az-a deyir ki, məhkumların hüzr məclislərində iştirakı mütləq hüquq deyil: “Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsində “...icazə verilə bilər” yazılıb. Yəni qanun dilində bu o deməkdir ki, icazə verilməyə də bilər. Nəticə etibarilə bu hüququn tətbiqi məhkumun cəza çəkdiyi müəssisənin və Penitensiar Xidmətin mövqeyindən asılıdır”.

Rəsul Cəfərov bildirir ki, il ərzində neçə məhkumun hüzr mərasimlərində iştirakına icazə verildiyi barədə konkret statistik məlumat yoxdur: “Lakin müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bu, az-az hallarda tətbiq olunan bir təcrübədir. Yəni az da olsa, bu hüquqdan istifadə edən məhkumlar var. Mənim subyektiv mülahizəm isə ondan ibarətdir ki, bu hüququn tətbiqi imkanlarını genişləndirmək olar”.

“Hüzrdə iştirakına icazə verilmiş hansısa məhkumun qanunu pozması və ya buna cəhd göstərməsi (məsələn, qaçması və ya qaçmağa çalışması) kimi hallar olubmu” sualını cavablandıran Rəsul Cəfərov deyir ki, bu barədə də onda konkret məlumat yoxdur: “Nə vaxtsa qaçma və ya buna cəhd göstərmə hadisəsinin baş verdiyini eşitməmişəm. Hüzrə buraxılan məhkumlara bir sıra məhdudiyyətlər tətbiq olunur. Yəni proses nəzarət altında həyata keçirilir. Məhkumlar yas mərasiminə Penitensiar Xidmət əməkdaşlarının müşayiəti ilə aparılır və eyni qaydada da cəzaçəkmə müəssisəsinə qaytarılırlar.

Bir məqamı da qeyd etmək istərdim. Qanunvericiliyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum edilmiş şəxslərin cəzası 5 ilə qədər olanda onlar cəzalarını məntəqə tipli müəssisədə çəkirlər. Belə müəssisələrdə isə məhkum olunmuş şəxslərin müəyyən saatlarda müəssisədən kənara çıxmaq, həm də o saatlarda sərbəst hərəkət etmək hüquqları olur. Buna görə də cəzalarını məntəqə tipli müəssisələrdə çəkən şəxslərin hüzrü düşəndə onlar bəzən Penitensiar Xidmət əməkdaşlarının müşayiəti olmadan da yas mərasiminə gedə bilərlər”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.

Bizə qoşulun