İshal hər yaşda insanın qarşılaşa biləcəyi ən geniş yayılmış bağırsaq pozuntularından biridir. Sadə və təhlükəsiz görünsə də, xəstəlik zamanı yanlış davranışlar ciddi fəsadlara, xüsusilə də susuzlaşmaya səbəb ola bilər.
Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, bu barədə ispan həkim-anestezioloq David Kallexo xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, cəmiyyətdə ishalın müalicəsi ilə bağlı hələ də kök salmış, lakin yanlış olan təsəvvürlər mövcuddur. Həkim bu zaman ən çox yol verilən üç əsas səhvi açıqlayıb.
1. Uzun müddət ac qalmaq
Ən geniş yayılmış səhvlərdən biri uzun müddət tam aclıq rejiminə keçməkdir.
“Uzunmüddətli aclıq bağırsaqları zəiflədir və xəstəliyin gedişini daha da ağırlaşdıra bilər”, – deyə David Kallexo vurğulayır.
Onun sözlərinə görə, ilkin mərhələdə maye itkisi bərpa edildikdən sonra qidanın tədricən rasiona qaytarılması vacibdir. Müasir tibbi tövsiyələr uzun müddət qida məhdudiyyətini məsləhət görmür, çünki bu, sağalmanı sürətləndirmir və orqanizmin ümumi vəziyyətinə mənfi təsir göstərə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən, ishal zamanı yalnız maye qəbulunu artırmaq deyil, xüsusilə uşaqlarda qidalanmanı da davam etdirmək lazımdır ki, zəifləmə və bərpa prosesinin ləngiməsi baş verməsin.
2. Müalicəvi məhlullar əvəzinə şirin “izotonik” içkilər içmək
İkinci səhv maye itkisini idman içkiləri və ya şirin “izotoniklər” hesabına bərpa etməyə çalışmaqdır.
Kallexonun sözlərinə görə, bu cür içkilərdə şəkərin miqdarı həddindən artıq çox, elektrolit balansı isə düzgün olmur. Nəticədə onlar vəziyyəti yaxşılaşdırmaq əvəzinə, ishalı daha da gücləndirə bilər.
Mütəxəssislər bildirir ki, susuzlaşma zamanı ən effektiv vasitə tərkibi dəqiq hesablanmış oral rehidrasiya məhlullarıdır. Natrium və qlükozanın düzgün nisbəti bağırsaqlarda mayenin daha yaxşı sorulmasına kömək edir və ağırlaşma riskini azaldır.
ÜST də təsdiqləyir ki, düzgün hazırlanmış oral rehidrasiya məhlulları ishal zamanı əsas müalicə üsullarından biridir.
3. İshala qarşı dərmanların nəzarətsiz qəbulu
Üçüncü səhv isə həkim məsləhəti olmadan ishalı “dayandıran” dərmanlardan istifadə etməkdir.
Bu preparatlar nəcis ifrazının sayını azaltsa da, eyni zamanda infeksiyanın törədicilərinin orqanizmdən xaric olmasını ləngidə bilər. Bu isə xəstəliyin daha uzun sürməsinə səbəb ola bilər. Klinik tövsiyələrə görə, belə dərmanlar yalnız müəyyən hallarda və mütləq həkim nəzarəti altında qəbul edilməlidir.
Bəs probiotiklər necə?
David Kallexo qeyd edir ki, probiotiklər köməkçi rol oynaya bilər. Araşdırmalar göstərir ki, bəzi ştammlar simptomların müddətini bir qədər qısalda bilir. Lakin onlar əsas tədbirləri – maye bərpasını və düzgün qidalanmanı əvəz etmir və yalnız əlavə vasitə kimi dəyərləndirilməlidir.
Nə vaxt mütləq həkimə müraciət edilməlidir?
Mütəxəssis aşağıdakı hallarda dərhal tibbi yardıma müraciət etməyi tövsiyə edir:
— ishal bir neçə gündən çox davam edərsə;
— yüksək hərarət yaranarsa;
— nəcisdə qan müşahidə olunarsa;
— güclü susuzluq, tünd rəngli sidik, başgicəllənmə kimi susuzlaşma əlamətləri ortaya çıxarsa.
Ekspertlər vurğulayır ki, təhlükəsiz və sürətli sağalmanın əsas yolu vaxtında maye qəbul etmək, qidalanmaya düzgün yanaşmaq və özbaşına müalicədən çəkinməkdir. Elmi əsaslara söykənən sadə tədbirlər ağırlaşmaların qarşısını alır və orqanizmin normal fəaliyyətini daha tez bərpa etməyə kömək edir.