İsrailin müdafiə naziri Yisrael Katz Livanda davam edən hava hücumları fonunda Naim Qasım-ı açıq şəkildə hədələyib.
Medianews.az xəbər verir ki, o bildirib ki, Hizbullahın İsrailə qarşı hücumlarının davam edəcəyi təqdirdə Qasımın da digər liderlər kimi hədəfə alınacağı istisna deyil.
Katz iddia edib ki, son əməliyyatlar zamanı yüzlərlə Hizbullah üzvü hədəf alınıb və bu hücumlar təşkilata son illərin ən ağır zərbələrindən biri olub. O, həmçinin Qasımın taleyinin Əli Xamenei, Həsən Nəsrullah və Yəhya Sinvar kimi fiqurlarla oxşar ola biləcəyini irəli sürüb.
İsrail ordusu isə Livandan raket hücumlarının aşkar edildiyini bildirərək, buna cavab olaraq Beyrut da daxil olmaqla müxtəlif bölgələrə genişmiqyaslı hava zərbələri endirib və əməliyyatların həm hava, həm də dənizdən davam etdiyini açıqlayıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bu yana hücumlar nəticəsində 1318 nəfər ölüb, 3935 nəfər yaralanıb. Həmçinin 1 milyondan çox insanın didərgin düşdüyü bildirilib.
Bölgədə gərginlik artmaqda davam edir və tərəflər arasında qarşıdurmanın daha da genişlənəcəyi istisna edilmir.