Medianews.az
Liseydə silahlı insidentin işıqlandırılması: jurnalistlərə tutulan iradın faydası oldumu? –
167 baxış

Liseydə silahlı insidentin işıqlandırılması: jurnalistlərə tutulan iradın faydası oldumu? – AÇIQLAMA

Fevralın 6-da İdrak Liseyinin Bakı filialında silahlı insident baş verəndə Mətbuat Şurası medaiaya müraciət ünvanlamış, hadisənin işıqlandırılması zamanı “Jurnalistlərin Etik Davranış Qaydaları”nın pozulduğunu vurğulamış, medianı peşəkarlığı qorumağa çağırmışdı.

Həmin çağırışın effekti oldumu?

Fevralın 10-da Medianews.az saytı Mətbuat Şurasının sədri Rəşad Məciddən çağırışdan sonrakı müşahidələrini bölüşməsini istəyib.

Rəşad Məcid bildirib ki, Mətbuat Şurasının mediaya ünvanladığı çağırışın effekti oldu: “Birincisi, ümumən şura mediada uşaq hüquqlarının qorunmasının vacibliyinə diqqət çəkdi, mövcud istiqamətdə müzakirə getdi. Hesab edirəm ki, bu cəhət gələcəkdə oxşar durumların yarana biləcəyi təqdirdə, bir növ, immunitetə çevriləcək. Yəni jurnalistlər durumun həssaslığını nəzərə alacaqlar.

İkincisi isə biz ayrı-ayrı media orqanlarının paylaşımları sildiklərini də müşahidə etdik.

Ümumən Mətbuat Şurasının mövqeyinin uşaqlarla bağlı informasiyalara diqqətlə yanaşılması istiqamətində tutarlı çağırış olduğu düşüncəsindəyəm.

Fikrimcə, şura “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndan çıxış edərək, məsələyə təfərrüatla izah verdi. Ümid edək ki, gələcəkdə belə xoşagəlməz hallar təkrarlanmayacaq”.

Xatırladaq ki, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən İdrak Liseyində 10-cu sinif şagirdlərindən biri səhər dərsə gələrkən atasının ov tüfəngini də götürüb, çantasında gizlədərək liseyin binasına keçirib. Şagird həmin silahla liseyin gənc müəlliməsi Şəhla Kamilovaya atəş açıb.

Güllə yarası alan müəllimə dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Son məlumatlara görə, vəziyyəti stabilləşib.

Polislər insidenti törədən şagirdi tutublar. Prokurorluq faktla bağlı cinayət işinə başlayıb. Məhkəmə şagird barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Fevralın 6-da Mətbuat Şurasının mediaya ünvanlandığı müraciətdə vurğulanıb ki, liseydə baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir: “Bu, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na tamamilə ziddir. Belə ki, qaydaların “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, “jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir”.

Həmin bənddə o da bildirilir ki, “daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır”. Təəssüf ki, İdrak Liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi”.

Şuranın müraciətində daha sonra bildirilib ki, media mənsublarının İdrak Liseyi şagirdindən aldıqları müsahibə, həmçinin müsahibə zamanı yol verdikləri davranış “Jurnalistlərin Etik Davranış Qaydaları”nın “Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması” adlı 5-ci prinsipində əksini tapmış “ictimai əhəmiyyət” anlayışı “ictimaiyyət üçün maraqlı” olan informasiya ilə qarışdırılmamalıdır” tələbinin də pozulmasıdır: “Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz.

Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırır. Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır”.

İdrak Liseyi Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərən özəl təhsil müəssisəsidir. Liseyi pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov ilk dəfə 2008-ci ildə Sumqayıt şəhərində yaradıb. 2014-cü ildə isə liseyin Bakı filialı fəaliyyətə başlayıb.

İdrak Liseyinin paytaxtdakı binası Binəqədi rayonu ərazisində, Ziya Bünyadov küçəsində yerləşir.

İdrak Liseyində ümumi orta məktəb təhsili 3 pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir. Eyni zamanda liseydə məktəbəqədər təhsil tədris olunur. Liseydə tədris 3 dildə - Azərbaycan, rus, ingilis (İB-Beynəlxalq Bakalavr) proqramı ilə təşkil olunur.

Liseyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, lisey fasiləsiz olaraq mühafizə işinin təşkili ilə əlaqədar olan şirkət əməkdaşları tərəfindən mühafizə olunur, kənar şəxslərin binaya girişi qadağandır.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun