Medianews.az
Müəllimin güllələndiyi lisey valideynlərə müraciət etdi -
43 baxış

Müəllimin güllələndiyi lisey valideynlərə müraciət etdi - FOTO

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsi valideynlərə müraciət edib.

Musavat.com xəbər verir ki, lisey rəhbərliyinin adından yayılan açıqlamada liseydə təhlükəsizlik tədbirlərinin daima həyata keçirildiyi bildirilib:

“Hörmətli valideynlər və ictimaiyyət,

Liseyimizlə bağlı son hadisə fonunda yaranan narahatlığı anlayırıq və cəmiyyətdə səslənən fikirləri diqqətlə izləyirik.

Bildirmək istərdik ki, liseyimizdə təhlükəsizlik tədbirləri daim mövcud olub və tədris prosesi hər zaman nəzarət altında həyata keçirilib.

Baş verən vəziyyət dərhal diqqətə alınıb, mövcud təhlükəsizlik və nəzarət mexanizmləri çərçivəsində idarə olunub. Hazırda da şagirdlərimizin və müəllimlərimizin təhlükəsizliyi tam şəkildə təmin olunur, dərslər normal qaydada davam edir.

Məsələ aidiyyəti qurumların iştirakı ilə araşdırma mərhələsindədir və proses lisey rəhbərliyinin daimi nəzarəti altındadır.

Valideynlərimizdən xahiş edirik sakitliyi qoruyub saxlasınlar və uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcək şayiələrə deyil, rəsmi məlumatlara etibar etsinlər.

Lisey rəhbərliyi olaraq təhlükəsiz və sağlam təhsil mühiti bizim üçün dəyişməz prioritetdir.

İdrak liseyinin rəhbərliyi”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi müəllimi – Şəhla Fəqani qızı Kamilovanı ov tüfəngi ilə güllələyib.

Müəllimə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Cərrahiyyə şöbəsinə yerləşdirilib, həkimlərin verdiyi məlumata görə, vəziyyəti kritik olaraq qalır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Bizə qoşulun