2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1 000 manat cərimə tətbiq olunub.
Medianews.az xəbər verir ki, fevralın 12-də 2026-cı ildə tətbiq olunan 1 000 manatlıq cərimə ilə bağlı şikayətçi Asif Qurbanov Baku TV-yə bildirib:
"Sumqayıt Regional Mərkəzinə müraciət etdim. Məlum oldu ki, cəriməni Baş İdarədən yazıblar. Onlar mənə bildirdilər ki, İnzibati Xətalar Məcəlləsini pozmuşam, işçilərə az maaş vermişəm. Dedim ki, siz bunu necə yazırsınız? Yoxlamadan, yerində baxış keçirmədən cərimə yazmaq qanunsuzdur. Bu insanlar qeyri-qanuni olaraq cərimə yazıblar. 11 ildir obyektimiz bağlanıb və işçilər də mənim qardaşlarım olub. Bağladıqdan sonra Vergi Xidmətinə müvafiq hesabatları vermişəm. Sadəcə olaraq, onlar 11 il əvvəl mənim işçilərimə verdiyim 250 manat maaşı nəzərə alıblar. Hazırda isə minimum əməkhaqqı 450 manatdır".
Dövlət Əmək Müfəttişliyi Xidməti isə məsələyə belə münasibət bildirib:
"Əmək və məşğulluq" altsisteminə baxış zamanı işçilərlə aktiv əmək müqavilələrinin mövcudluğu müəyyən olundu. Eyni zamanda işçilərə minimum əməkhaqqından aşağı maaş ödənilməsi faktı aşkarlandığı üçün Asif Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun cərimə tətbiq edilib. Sahibkar bu qərara görə şikayət edib. Şikayətə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun baxılacaq və müvafiq qərar qəbul ediləcək".