Medianews.az
Netanyahu Xameneinin sağ olduğuna inanırmı?
178 baxış

Netanyahu Xameneinin sağ olduğuna inanırmı?

İsrailin baş naziri Benjamin Netanyahu İranın ali rəhbəri Müctəba Xameneinin taleyi ilə bağlı diqqətçəkən açıqlama verib. Netanyahu Müctəba Xameneinin sağ olduğunu düşündüyünü bildirib.

İsrail baş naziri jurnalistlərin suallarını cavablandırarkən deyib:

“Mən düşünürəm ki, Müctəba Xamenei yaşayır. Onun vəziyyətinin necə olduğunu söyləmək çətindir. O, hansısa bunkerdə və ya gizli bir yerdə gizlənib”.

Netanyahu açıqlamasında Müctəba Xameneinin konkret yerləşdiyi məkan barədə məlumatının olmadığını da vurğulayıb.

Qeyd edək ki, son dövrlərdə Müctəba Xameneinin öldüyünə və ya ağır yaralandığına dair müxtəlif iddialar yayılıb. Lakin bu iddialara indiyə qədər verilən ən diqqətçəkən və mötəbər cavablardan biri məhz Netanyahu tərəfindən səsləndirilən bu açıqlama hesab olunur.

Çünki fevralın 28-dən başlayan İsrail bombardımanları zamanı İran hakimiyyətinin ən yüksək eşalonlarına qədər sızan kəşfiyyat məlumatlarının mövcudluğu faktiki olaraq ortaya çıxıb. İsrailin İran daxilində yüksək rütbəli şəxslərin yerləşdiyi məkanlar, hərəkət marşrutları və gizləndikləri obyektlər barədə dəqiq informasiyalar əldə etdiyi ortadadır. Bir sıra SEPAH komandirlərinin və yüksək vəzifəli şəxslərin, ən son olaraq da Laricaninin gizləndikləri məkanlarda vurulması da məhz daxildən ötürülən kəşfiyyat məlumatları ilə əlaqələndirilir.

Bu baxımdan Netanyahunun Müctəba Xamenei ilə bağlı açıqlaması sadəcə siyasi bəyanat deyil, həm də müəyyən mənada kəşfiyyat məlumatına söykənən mesaj kimi qiymətləndirilir.

Lakin məsələnin ən diqqətçəkən tərəfi bundan ibarətdir ki, İsrail kəşfiyyatının İranın daxilinə bu qədər nüfuz etməsinə baxmayaraq, hələ də yeni dini liderin dəqiq yerləşdiyi məkan müəyyənləşdirilməyib. Bu isə həm İran daxilində təhlükəsizlik mexanizmlərinin tam çöküşə uğramadığına, həm də Müctəba Xameneinin maksimum məxfilik şəraitində qorunduğuna dair versiyaları gücləndirir./Musavat.com

Bizə qoşulun